Şrift:
İran tənbeh məqsədilə avstraliyalı məhkumu təhlükəli "Qərçək" həbsxanasına köçürüb
30.07.2020 [10:27] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə hazırda həbsdə olan iranlı vəkil və insan haqları fəalı Nəsrin Sütudənin həyat yoldaşı Rza Xəndan "Facebook" səhifəsində məlumat yayıb.


Rza Xəndanın sözlərinə görə, Kylie Moore-Gilbert həbsxanadan onunla yaratdığı telefon əlaqəsi zamanı bildirib ki, ağır cinayət törətmiş cinayətkarlarla birlikdə saxlanılır və vəziyyəti çox ağırdır.


Avstraliyalı araşdırmaçı qadının hansı səbəbdən cəzalandırılmaq üçün sözügedən həbsxanaya köçürülməsi məlum deyil.


Eyni zamanda, Avstraliyanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda məsələdən xəbərdar olduğunu və Dr. Kylie Moore-Gilbertin azadlığa qovuşmasının bu ölkənin əsas prioritetlərindən biri olduğunu bildirib.


Bir müddət əvvəl insan haqları fəalları yaydıqları məlumatda təhlükəli cinayətkarların saxlandığı "Qərçək" həbsxanasında bir qrup məhkumun koronavirusa yoluxduğunu bəyan etmişdilər.



Xatırladaq ki, Avstraliyanın Melburn Universitetinin islami araşdırmalar üzrə müəllimi və Yaxın Şərq regionu üzrə mütəxəssisi olan Kylie Moore-Gilbert 2018-ci ilin payızında İranda həbs edildikdən sonra casusluqda günahlandırılıb. O, həmin vaxtdan etibarən Tehranın Evin zindanında saxlanılırdı. Onun məhz hansı əməlinə görə casusluqda günahlandırılmasının detalları açıqlanmayıb. Alim xanıma qarşı bu ittihamlar üzrə 10 il həbs cəzası verilib.


Bir müddət əvvəl Evin həbsxanasının gözətçilərinin xanım Gilbertə qanunsuz həbsi və saxlanılma şəraitinə etiraz etdiyinə görə narkotik maddə verib, daha sonra vəhşicəsinə döydükləri barədə məlumatlar yayılmışdı.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed