Şrift:
MDHP sədri Fərəc Quiyev: - BMT-nin irana 135 milyon vəsaiti əslində nəyə yönəlib...
03.11.2012 [10:28] - Güney Azərbaycan-Təbriz, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “BMT bununla nümayiş etdirir ki, davamız xalqla deyil, rejimlədir”

Cənubi Azərbaycanda yerləşən Urmu gölünün qurumasının qarşısını almaq məqsədilə BMT 135 milyon vəsait ayırıb. Gölün qurudulmasına indiyə kimi biganə qalan İranın ayrılan vəsaiti təyinatı üzrə sərf edəcəyi də şübhə doğurur.

Milli Dirçəliş Partiyasının sədri, millət vəkili Fərəc Quliyev AzNews.az-a deyib ki, Urmu gölü süni şəkildə qurudulub və yaranan problem də bir ölkənin ekoloji məsələsi deyil: “Əslində Urmu gölünün süni şəkildə qurudulması prosesi İran adlı imperiyanın demoqrafik vəziyyəti dəyişməklə bağlı yürütdüyü siyasətidir, dolayısı ilə at gedişidir. Urmu gölü quruduqdan sonra milyonlarla insan ətrafdakı ərazilərdən köçmək məcburiyyətində qalacaq. İran dövləti mütəmadi olaraq Azərbaycan türklərini öz yurdundan qaçırmaq və əvəzində digər etnosları məskunlaşdırmaq siyasətini həyata keçirib”.

İran parlamentində gölün qurumasının qarşısını almaq üçün bir neçə milyon vəsait ayrıldığını, amma real heç bir iş görülmədiyini vurğulayan F.Quliyev qeyd edib ki, İran görüntü xətrinə bəzi gedişlər edir. Onun sözlərinə görə, BMT-nin belə bir vəsait ayırması həm də dolayısı ilə mesaj verməkdir: “Əvvəla BMT bununla nümayiş etdirir ki, İrana müəyyən sanksiyalar tətbiq olunmasına baxmayaraq, bizim davamız xalqla deyil, rejimlədir. İkincisi, əgər rejim dəyişəcəksə, həmin imperiyaya əl tutmaq üçün kifayət qədər vəsait ayrılacaq. Üçüncüsü bu onu göstərir ki, İran vəsaiti bəhanə etməsin, xalqın rifahı naminə iş görmək istəyirsə, biz də dəstək verməyə hazırıq mesajıdır. Həmçinin bununla BMT birbaşa İranın hər şeyə, hətta Uranın zənginləşdirilməsinə külli miqdarda vəsait tapdığını ortaya qoyur. Amma xalqın taleyi ilə bağlı məsələyə pul tapa bilmir, daha doğrusu ehtiyac görmür”.

BMT-nin bu qərarında siyasi jestlərin, sosial mesajlardan daha çox olduğunu qeyd edən deputat ayrılan vəsaitin istiqaməti üzrə xərclənəcəyinə də əmin deyil: “Əgər bu vəsait öz istiqamətinə xərclənərsə, bu, müəyyən qədər gölün qurudulmasının qarşısının alınmasına kömək edər. Yəni prosesdə müəyyən qədər tarazlıq yaradar və sonradan bərpa işləri görmək olar. Bütövlükdə ayrılan vəsait də quruma prosesinin qarşısının alınmasına bəs edən deyil. Məncə, BMT İranın fars rejiminin oradakı türklərə münasibətinin dəyişməsinə nail olmalıdır. Ostanlarda Azərbaycan adlarını dəyişmək, Ostanların bir hissəsini başqa ərazilərə daxil etməklə kompakt yaşamağa əngəl törətmək siyasəti həmişə aktual olub. Xüsusilə də Azərbaycan ərazilərində inkişafla bağlı hansısa iş görülmür. İsfahan geridə qalmış ərazi olmasına baxmayaraq, indi Azərbaycan ərazilərindən on dəfə artıq inkişaf etdirilib”.

F.Quliyev BMT-nin bu qərarını həm də Azərbaycan türklərinə münasibətin dəyişməsi kimi dəyərləndirib: “Bir müddət əvvəl Amerika konqresmenləri Bütöv Azərbaycan, onun müstəqilliyi ilə bağlı məsələlərə toxunmuşdular. Bu həm də ona işarə edir ki, bölgədə yeni şəkilləndirmədə Azərbaycanın müstəsna yeri tanınır”.

Gültəkin Qəhrəmanlı
AzNews.az
Bu xəbər oxucular tərəfindən 1396 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed