Şrift:
İstixanalar, soyuducu anbarlar və taxıl elevatorları EKTİS-də qeydiyyatdan keçəcək
03.08.2020 [11:37] - Gündəm, İqtisadiyyat
“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Fərman imzalayıb.

Fərmana əsasən, ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı məhsullarının yetişdirildiyi istixanalar, məhsulların saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçəcək.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, fermerdən tədarük edilən məhsulları saxlamaq üçün istifadə olunan soyuducu anbarlar, taxıl elevatorları və istixanaların informasiyaları onlar üçün EKTİS-də müəyyən edilən hesabat formalarına uyğun olaraq mütəmadi sistemə daxil ediləcək.

Pandemiya səbəbindən yaranmış şəraitdə iqtisadi siyasət sahəsində təxirəsalınmaz qərarların vaxtında və çevik qəbul edilməsi üçün iqtisadiyyatda baş verən proseslərin operativ izlənilməsi və bu barədə dövlət qurumlarının mütəmadi məlumatlandırılması məqsədilə məlumatların müvafiq elektron bazaya daxil edilməsi və bu elektron bazaya bütün aidiyyəti qurumların çıxışının təmin olunması aktualdır.

Bununla əlaqədar, ölkədə ərzaq ehtiyatlarının idarə edilməsi və bu sahədə yarana biləcək risklərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi, ölkədə mövcud soyuducu anbarlar, istixanalar və taxıl elevatorlarından istifadə səviyyəsinin qiymətləndirilməsi, bu sahədə təhlillərin aparılması, dəstək tədbirlərinə ehtiyacın müəyyən edilməsi məqsədilə soyuducu anbarların, istixanaların və taxıl elevatorlarının EKTİS-də reyestrinin yaradılması və bu sistem vasitəsilə mütəmadi (aylıq) hesabatlılığının həyata keçirilməsi təmin ediləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanına əsasən ölkədə kənd təsərrüfatı sahəsində dövlət dəstəyinin elektron qaydada göstərilməsi üçün EKTİS-in imkanlarından istifadə edilməklə fermerlərin, tədarükçülərin, baytarların, süni mayalanma mütəxəssislərinin və digər kənd təsərrüfatı subyektlərinin xidmət göstərməsi və ya xidmət alması təmin olunub.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed