Şrift:
Urmiyada avtobus sürücüləri etiraz aksiyası keçirib
04.08.2020 [10:33] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Koronavirus pandemiyasının yayılmasından etibarən ciddi iqtisadi problemlərlə üzləşən sürücülər hökumətin onlara dəstək göstərmədiyini bildiriblər.

“Durna Nyüs” xəbər saytının verdiyi məlumata əsasən, avtobus sürücüləri avqustun 3-də hökumətin onların problemlərinə laqeyd yanaşmasına etiraz olaraq işlərini dayandırıblar.





Hazırda Urmiyada müxtəlif marşrut xətləri üzrə 350 avtobus fəaliyyət göstərir. Bu avtobuslar orta hesabla hər gün 110 min sərnişin daşıyır.





Koronavirusun yayılması ilə avtobus sürücüləri bir müddət işlərini dayandırmağa məcbur oldular. İctimai nəqliyyatın fəaliyyətinin bərpasından sonra isə tətbiq edilən sosial məsafə qaydaları çərçivəsində sərnişinlərin sayının azaldılması nəticəsində onların gəlirləri 80 faiz azalıb.





Ötən həftə Urmiyanın bələdiyyə başçısı sürücülərə dəstək məqsədi ilə onların sığorta haqqının bir il müddətinə bələdiyyə tərəfindən ödəniləcəyi vədini vermişdi.

Sürücülər bu vədin də digər vədlər kimi yerinə yetirilmədiyini bildiriblər.





Bir tərəfdən ərzaq qiymətlərinin gündəlik artması, digər tərəfdən isə ehtiyat hissələrinin qiymətinin neçə qat bahalaşması sürücülərin həyat şərtlərini daha da ağırlaşdırıb.

Belə bir şəraitdə bələdiyyə müfəttişlərinin də müxtəlif bəhanələrlə ağır cərimələr tətbiq etməsi sürücülərin vəziyyətini artıq dözülməz hala gətirib.
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed