Şrift:
Qusarda 14 yaşayış məntəqəsini əhatə edən yolun yenidən qurulması davam edir
04.08.2020 [10:56] - Gündəm, İqtisadiyyat
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunda yenidənqurma işləri davam etdirilir.

Agentlikdən bildirilib ki, Cibir–Həzrə–Mucuq–Sudur marşrutu üzrə 14 yaşayış məntəqəsini əhatə edən yolun uzunluğu 46 kilometrdir. Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu torpaq əsaslı və çınqıl örtüklü olmaqla 4-cü texniki dərəcəlidir.

Layihəyə uyğun olaraq, yolun 36 kilometri asfalt-beton, 10 kilometri isə çınqıl örtüklü olmaqla 3 istiqamət üzrə yenidən qurulur. Bu, 34,4 kilometr uzunluğa malik ( 24,4 kilometr asfalt-beton, 10 kilometr çınqıl örtük olmaqla) Sudur kəndi, 3,8 kilometr uzunluğunda Cibir kəndi və 5,8 kilometrlik Mucuq kəndi istiqamətləridir. Bu çərçivədə Cibir və Mucuq kəndləri istiqamətində 9,6 kilometr uzunluğa malik yollar artıq yenidən qurulub.

Yollar boyu deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, yolun torpaq yatağının təmiri və bərpası işləri aparılıb, yolun normativ eninin alınması üçün torpaq yatağı genişləndirilib.

Texnoloji ardıcıllığa uyğun olaraq, yol əsasın alt və üst layının lazımi qalınlıqda karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikintisi işləri görülüb. İşlərin yekunlaşmasına uyğun olaraq, əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri də həyata keçirilib. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 57,6 min kvadratmetr sahəni əhatə edib.

Bundan başqa optimal çınqıl qarışığı ilə çiyin hissələrin bərkidilməsi, həmçinin giriş-çıxış yollarının təmiri, 7500 poqonmetr uzunluğunda küvetlərin avtoqreyderlə açılması, yolun altından suların ötürülməsi üçün müxtəlif diametrlərə malik 168 poqonmetr uzunluğunda metal borular quraşdırılıb və izolyasiya olunması, boru başlıqları dəmir-betonla tikilməsi də layihə üzrə yerinə yetirilib.

Hazırda anoloji yenidənqurma işləri yolun 34,4 kilometr uzunluğa malik Sudur istiqamətində həyata keçirilir. Bu istiqamətdə yol 4-cü texniki dərəcə olmaqla 24,4 kilometri asfalt-beton, 10 kilometri çınqıl örtük olmaqla inşa edilir.

Layihəyə uyğun olaraq yolun dağlıq ərazidən keçən hissəsində qaya süxurlarının xüsusi təyinatlı mexanizmlə kəsərək torpaq yatağı genişləndirilərək inşa olunur, ardınca yol əsası karxana çınqılı və optimal-çınqıl qarışığı ilə tikilir. Daha sonra asfaltlanma işlərinə başlanılacaq və yola 2 laydan ibarət asfalt beton və çınqıl örtük döşənəcək. Ümumilikdə 140 min kvadratmetrdən çox sahənin asfaltlanması, 100 min kvadratmetr sahənin isə optimal-çınqıl qarışığı ilə örtülməsi nəzərdə tutulub.

Layihənin sonunda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müvafiq üfüqi nişanlanma xətlərinin çəkilməsi, yol nişanlarının və siqnal dirəklərinin, həmçinin təhlükəli yerlərdə beton sədlərin quraşdırılması nəzərdə tutulur. Bundan başqa vətəndaşlar üçün kənd ərazilərində 9 yerdə avtobus dayanacaqları tikiləcək.

Qusar rayonunun Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolunun tikintisi sakinlərin rahat gediş-gəlişini təmin edəcək, 8 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.
Bu xəbər oxucular tərəfindən 175 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed