Şrift:
Portuqaliyalılar insanların çox toplaşdığı yerlərdən çəkinir və bayramlardan imtina edirlər
04.08.2020 [18:38] - Gündəm, Sosial
Aparılan sorğular COVID-19 pandemiyasının Portuqaliya sakinlərinin əhval-ruhiyyəsinə və planlarına necə təsir etdiyini göstərib.

İyulun 16-dan 20-dək Portuqaliyanın istehlakçı hüquqlarının müdafiəsi üzrə assosiasiyası ölkənin 18-74 yaşlı 1006 sakini arasında sorğu aparıb. Xidmətlərin, təşkilatların və əyləncə məkanlarının fəaliyyətinin bərpa olunmasına baxmayaraq, insanlar adət etdikləri həyat tərzinə qayıtmağa çəkinirlər.

Rəyi soruşulanların 75 faizindən çoxu bildirib ki, onlar koronavirusa yoluxmaqdan ehtiyat edərək ictimai yerlərdən uzaq durmağa çalışırlar. Bir çoxları isə daha restoranlara və ticarət mərkəzlərinə getmir, nəqliyyatdan istifadə etmirlər. Respondentlərin yarısı əlamətdar tarixlərin qeyd olunmasını ləğv etdiklərini, 2020-ci ilə planlaşdırdıqları layihələri isə qeyri-müəyyən vaxtadək təxirə saldıqlarını bildiriblər.

Sorğuda iştirak edən hər on nəfərdən yeddisi planlaşdırılmış tibbi yardımı, müayinə və konsultasiyanı təxirə salıblar. Portuqaliyalıların tibb müəssisələrinə getməkdən ehtiyat etmələri onların sağlamlığında pis rol oynaya bilər.

Tədqiqat göstərib ki, insanlar əsas xidmətlərə və məhsullara üstünlük verir, daha çox supermarketlərə gedirlər. Əhalinin təhlükəsizliyinin təminatı üzrə görülən tədbirlərə baxmayaraq, idman mərkəzləri, mağazalar və mədəni tədbirlər hələ də inamsızlıq yaradır.

Koronavirus qorxusu sakinlərin dörddə üçünü piyada gəzməyə, yaxud da şəxsi nəqliyyat vasitəsindən – avtomobil, motosiklet və velosipeddən istifadəyə məcbur edib. Bu, qatarlara, təyyarələrə və uzaq məsafəyə gedən avtobuslara da aiddir.

Rəyi soruşulanların yalnız 20 faizi məzuniyyəti ölkə hüdudlarından kənarda keçirməyə hazırdır. Digərləri isə xarici ölkələrdəki mehmanxanaların təhlükəsizliyinə əmin deyillər. Sorğu iştirakçılarının 48 faizi bu il Portuqaliya ərazisində istirahət etməyə üstünlük verir.
Bu xəbər oxucular tərəfindən 508 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed