Şrift:
Muxtar respublikada yaradılan yeni meliorasiya və irriqasiya sistemləri aqrar sektorun inkişafını təmin edir
06.08.2020 [11:09] - Xəbərlər, İqtisadiyyat
Muxtar respublikada meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması sahəsində tədbirlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, əkin sahələrinin suvarma suyu ilə təmin olunması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə iyul ayında bir sıra tədbirlər görülüb, 10 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar və 4,5 kilometr kollektor lildən təmizlənib, 230 metr yeni qapalı drenaj xətti çəkilib, 93,5 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. Qeyd olunan dövrdə 9,4 kilometr yeni suvarma xətti çəkilib.

Muxtar respublika üzrə ötən ay su istifadəçilərinə 32,2 milyon kubmetr su verilib, bunun müqabilində 27 min 360 hektar torpaq sahəsi suvarılıb. Həmçinin torpaq sahələrini sel sularının zərərli təsirindən qorumaq üçün çay və selovlarda selə qarşı 2,8 kilometr istiqamətləndirici bənd salınıb. Kəngərli rayonunun Böyükdüz kəndində 800, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar ərazidə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 8,6 kilometr suvarma xətti çəkilib, 112 supaylayıcı hovuz və suvarma hidrantı quraşdırılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Şərur rayonunda Cəlilkənddə içməli su sisteminin tikintisi başa çatdırılıb, müxtəlif diametrli plastik borularla 18,3 kilometr içməli su xətti çəkilib, ev birləşmələri aparılıb. 342 abonentlə müqavilə bağlanaraq sayğac quraşdırılıb, 2222 sakin fasiləsiz olaraq içməli su ilə təmin olunub. Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisi başa çatıb. Sutəmizləyici qurğu saniyədə 236 litr sutəmizləmə gücünə malikdir və 27 min 700 istifadəçiyə xidmət edir.

Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 11,1 kilometr su və 8,5 kilometr kanalizasiya, Sədərək rayonunda 320 metr su, 5,2 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 11,5 kilometr su xətti çəkilib.
Bu xəbər oxucular tərəfindən 184 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed