Şrift:
BŞİH: Çimərliklərdə reydlər aparılır
11.08.2020 [15:35] - Gündəm, Sosial
Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib.

Bununla əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətiləri və struktur bölmələri tərəfindən aidiyyəti qurumlarla birlikdə çimərlilərdə karantin qaydaları tələblərinə uyğun olaraq vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq, reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək içdikləri aşkarlanıb. Onlara belə hallara yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq olunub.

Həmçinin Şıx zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə, həm də çimərlik ərazisinə atıldığı müəyyən edilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən akt tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən cərimə olunub.

Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən çimərliklərin cavabdeh şəxsləri ilə söhbətlər aparılıb. Onlara bildirilib ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verən çimərliklər barədə ən ciddi ölçü götürüləcək.

Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.
Bu xəbər oxucular tərəfindən 229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed