Şrift:
“Qarabağ atları da artıq utanaraq yeriyirlər, çünki qaçqındırlar” - DEPUTAT
05.11.2012 [15:48] - Sosial
“1990-1992-ci illərdən, yəni işğaldan bəri deyirəm ki, Qarabağda dağıdılmış evləri, küçələri daha da gözəl tikmək mümkündür, amma qırılan mədəniyyəti, yanmış mədəniyyət körpüsünü tikmək üçün 50 il vaxt lazımdır. Hələ bu mədəniyyəti bərpa edə biləcəksən, edə bilməyəcəksən, bu, özü mübahisəlidir. Mən bunu həmişə demişəm və Fərhad Bədəlbəylinin sözünə də şərikəm”.

Bu sözləri açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas gündən-günə Qarabağ mədəniyyətinin itirilməsi məsələsini şərh edərkən deyib.

“Hər kəs öz yerini, torpağını, suyunu, havasını mənimsəyir. Hətta bir rayondakı kəndlər belə fərqlidir. Qarabağın havasını udmayan adam gəlib başqa regionda yaşayırsa, müəyyən vaxtdan sonra, o, həmin regionun havasını götürəcək. Bu mənada Qarabağ mədəniyyətinin itmə təhlükəsi var. Amma məsələ bundadır ki, Tərtər, Füzulinin, Ağdamın bir hissəsi yerindədir. İndi yerində olmayan əsas mədəniyyət mərkəzi Şuşadır. Təbii ki, onun bərpası uzun bir vaxt tələb edir”, – deyə A. Abbas bildirib.

İndiki ənənələrin əvvəlki ənənələrdən fərqli olduğunu deyən deputat bildirib ki, bu gün insanların davranış mədəniyyəti də itir “Məsələn, Ağdam bir kriminal, heç nəyə barışmayan bir şəhər idi. Maraqlı idi ki, Ağdamın öz psixologiyası, kəndlərinin isə başqa bir psixologiyası var idi. İndi Ağdam şəhəri işğal altındadır, amma müəyyən kəndləri yerindədir. Ora getsək, o Ağdamı görə bilməzsiniz, çünki həmin ərazidə çox az ağdamlı yaşayır, yerdə qalanı Bakıdadır, 60 minlik əhali öz ərazisində deyil, şəhər mədəniyyəti məhv olub. Bu mənada təbii ki, mədəniyyətə böyük bir zərbə dəyib. Fərhad Bədəlbəyli onu hamıdan gözəl hiss edir, çünki bu sahənin mütəxəssisidir. Bunun üçün ancaq nəsə bir iş görmək lazımdır ki, bu mədəniyyəti qırılmağa qoymayaq. Artıq çox şeylər qırılıb”.

A. Abbas qeyd edib ki, onu ən çox narahat edən məsələlərdən biri də Qarabağ atlarının bu gün yerində olmamasıdır: “İnsanı birtəhər öyrətmək olar. Amma “Qarabağ atları” deyilən bir anlam var, buna niyə “Qarabağ atları” deyirlər? Qarabağ atları 20 ildir ki, həmin ərazidə yaşamırlar. O at artıq həmin at deyil, onun rəngi, sifəti də dəyişəcək. Əgər onda nazla gəzirdisə, indi utanaraq gəzəcək, çünki at da qaçqındır. Məni ən çox yandıran bax budur“.

Nihadə Eyyubova
Bu xəbər oxucular tərəfindən 1171 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed