Şrift:
Bu gündən M9 ekspress xətti üzrə avtobuslar fəaliyyətə başlayıb
19.08.2020 [11:14] - Gündəm, İqtisadiyyat
Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədilə təşkil olunan 5 sayda əlavə ekspress xətlərdən daha biri, M9 ekspress xətti avqustun 19-dan fəaliyyətə başlayıb.

Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarındakı 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.

M9 xəttinin istifadəyə verilməsi ilə “Sea Breeze” istirahət mərkəzi, Bilgəh, Buzovna, Şağan, Binə qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirilməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13-14 min sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 13 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M9 ekspress xətti üzrə avtobusların hərəkət sxemi “Sea Breeze” istirahət mərkəzi – “Nəriman Nərimanov” metro stansiyası istiqaməti müəyyən edilib.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M9 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərdən bunu anlayışla qarşılamaları və “BakıKart”ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələri xahiş edilir.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed