Şrift:
Koronavirus pandemiyası bütün dünyada aviasiya sektoruna ciddi zərbə vurub
21.08.2020 [14:54] - Xəbərlər, Siyasət
Koronavirus pandemiyası bütün dünyada aviasiya sektoruna ciddi zərbə vurub.

Aviasiya sektoru iqtisadiyyatın pandemiyadan ən çox zərər çəkmiş sektorlarından biri olub.

Beynəlxalq Hava Nəqliyyatı Assosiaysiyasının (IATA) hesablamalarına görə, iyun ayında Avropada aviasiya sektorunda 6 milyon iş yerinin ixtisar edilməsi riski vardısa, indi bu rəqəm 7 milyonu aşıb. Koronavirus pandemiyasından ən çox əziyyət çəkmiş ölkə olan İspaniyada 1 milyon iş yerinin bağlanması təhlükəsi var.

Beynəlxalq Hava Nəqliyyatı Assosiaysiyasının hesabatında qeyd edilir ki, gözlənildiyinə rəğmən turizm bərpa olunmadığına görə pandemiyanın məşğulluğa mənfi təsiri artır.

Aviasiya sektorunda güman edilir ki, trafikin böhrandan əvvəlki səviyyəsi 2024-cü ilə qədər bərpa edilməyəcək, buna görə də şirkətlər salamat qalmaq üçün restrukturizasiya aparmalı olacaqlar.

Niderlandın KLM aviaşirkəti 2022-ci ilə qədər ştatların sayını 20 faiz azaldacaq, yəni 33 min iş yerindən 5 mini ixtisar ediləcək. “Air France” aviaşirkətində böhran 7.580 iş yerinə təsir edəcək. Bu şirkətlər indiyə qədər dövlətdən 10 milyard avrodan çox yardım alıblar.

Britaniyanın “Easyjet” loukosteri 4500 iş yerini, yəni kadr heyətinin 30 faizini ixtisar edəcək. “British Airways” də işçilərinin sayını 12 min nəfər azaltmaq niyyətindədir.

Almaniyanın “Lufthansa” şirkəti 9 milyard dollar yardım alıb. Bu şirkət 22 min iş yerini ixtisar edəcək.

Ekspertlərin fikrincə, aviaşirkətlərin çoxu dövlət yardımı almadan pandemiyaya davam gətirə bilməzdi. Aviasiya əcnəbi turistlərin mənzil başına çatdırılmasında, əksər ölkələrin iqtisadiyyatının əsas sahələrindən biri olan turizmin, habelə bütövlükdə biznesin inkişafında mühüm rol oynadığına görə, hökumətlər bu şirkətlərin iş yerlərinin saxlamasına kömək ediblər. Lakin sərnişin tələbatı olmasa bu istəyi həyata keçirmək asan olmayacaq.

İspaniyanın “İberia” aviaşirkətinin prezidenti Luis Qalyeqo xəbərdarlıq edib ki, şirkət resktruktizasiya məsələlərini müzakirə etmək üçün həmkarlar ittifaqları ilə danışıqlar masası arxasında əyləşməyə hazırlaşır.

IATA-nın məlumatına görə, İspaniyada 1 milyon, Böyük Britaniya 780 min, Almaniyada 550 min, İtaliyada 369 min, Fransada 466 min iş yeri bağlanmaq təhlükəsi qarşısındadır. Ekspertlər əmindirlər ki, aviaşirkətlərin qarşısında çox çətin bir məsələ durur. Həmkarlar İttifaqları ilə danışıqlar gərgin olacaq, çünki aviaşirkətlər iş yerlərinin azaldılmasını bununla izah edirlər ki, böhran əvvəl güman edildiyindən daha çox davam edə bilər və daha ciddi ola bilər. Həmkarlar İttifaqları isə gələcəyə ümidlə baxır, minlərlə iş yerinin ixtisar edilməsi əvəzinə alternativ addımlar tapmağa çalışırlar.
Bu xəbər oxucular tərəfindən 721 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed