Şrift:
Masallıda müasir tələblər səviyyəsində 100 yerlik uşaq bağçası tikilir
24.08.2020 [16:24] - Gündəm, İqtisadiyyat
Ölkəmizdə paytaxtla yanaşı, regionlarda da yeni uşaq bağçalarının tikintisi və əsaslı təmiri işləri davam etdirilir. Hazırda Masallıda müasir tələblər səviyyəsində tikilən 100 yerlik uşaq bağçası bunun bariz nümunəsidir.

Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının tikintisinə bu ilin iyul ayından başlanılıb. Hazırda binanın fasadında suvaq işi aparılır, paralel olaraq üzlük daşı vurulur. Birinci mərtəbədə artıq pəncərələr qoyulub. Binanın həyətində inşa olunan yardımçı binaların - nasosxana, qazanxana, yanğın mühafizə-su hovuzunun tikintisi başa çatmaq üzrədir. Binanın daxilində isə elektrik və rabitə xətləri çəkilir.

Elektrik Elnur Niftiyev deyir ki, bağçada yanğın zamanı xəbərdarlıq üçün sistem də quraşdırılır. Kameralarla təchiz ediləcək binada balacalara nəzarət etmək daha da asanlaşacaq.

İş icraçısı Qasım Məmmədovla söhbət zamanı bildirdi ki, artıq dam örtüyünün betonu da vurulub. Otaqlarda və mətbəxdə təmir işlərinə başlanılıb. Bu günlərdə məşğələ və yataq otaqlarına döşəmə vurulacaq.

Binada azyaşlılar üçün idman və musiqi zalları, yeməkxana, həkim otağı da olacaq. Bundan başqa, bağçanın həyətində xüsusi istirahət guşələri yaradılacaq, müasir uşaq əyləncə qurğuları quraşdırılacaq. Bir sözlə, uşaqların həm normal təlim-tərbiyəsi, həm də istirahəti və əylənməsi üçün hər cür şərait yaradılacaq.

Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasının direktoru Aynur Qardaşova isə bildirib ki, yeni inşa olunan bağça 100 yerlikdir. “Həqiqətən bizə müraciət edənlər çox idi. Əvvəlki körpələr evində çarpayı çatmırdı, 40 yerlik idi. İşimizi günün tələbinə uyğun qura bilmirdik. Amma indi sevinirik ki, bizim üçün yeni bağça tikilir”, - deyə o əlavə edib.

Bağçanın köhnə binası həm darısqal, həm də şəraitsiz idi. Şəhərin Səməd Vurğun küçəsində inşa olunan ikimərtəbəli, müasir tələblərə cavab verən yeni bina artıq bu çətinlikləri arxada qoyacaq.

Valideyn Günəş Hüseynova yeni bağça binasının tikintisindən razılıqla danışaraq deyib: “Köhnə bağçamızda istiliklə bağlı çətinliklər var idi. Artıq bu problemlər arxada qalacaq. Çox sağ olsun dövlətimiz. İndi bizim uşaqlarımız işıqlı və hər şəraiti olan bağçaya gedib-gələcəklər”.

Uşaq bağçasının tikintisinin dekabr ayınadək başa çatdırılması nəzərdə tutulub. Qeyd edək ki, bu il Masallı rayonunda, ümumilikdə, 7 məktəbəqədər təhsil müəssisəsinin inşası və əsaslı təmiri nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed