Şrift:
Azərbaycan-Özbəkistan ifaçılarının beynəlxalq müsabiqəsi təşkil olunacaq
26.08.2020 [09:47] - Xəbərlər, Türk dünyası-Turan
Bu il sentyabrın 10-dan 18-dək Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının Beynəlxalq onlayn müsabiqəsi keçiriləcək.

Müsabiqə hər iki ölkənin milli konservatoriyaları, habelə Özbəkistanın “SOQDİANA” Xalq çalğı alətləri ansamblının iştirakı və dəstəyi ilə reallaşdırılır.

Müsabiqənin təşkilində əsas məqsəd milli musiqi alətlərinin təbliği, gənc musiqiçilərin yaradıcılığına dəstək və onların peşəkar ustalığının, ifaçılıq mədəniyyətinin təkmilləşdirilməsi, istedadlı ifaçıların üzə çıxarılması, ümumilikdə isə xalq musiqisinin təbliği və daha da populyarlaşmasına dəstək görsətməkdir.

Müsabiqə hər iki ölkənin xalq simli musiqi alətləri üzrə tar-kaşkar rübabı, kamança-gicak və ud musiqi aləti üzrə keçiriləcək. Hər iştirakçı ifa etdiyi simli alətdə milli musiqi səsləndirəcək.

Hər nominasiya üzrə qaliblərə AMM-in fəxri diplomları və pul mükafatları təqdim olunacaq.

İştirakçıların çıxışı Azərbaycanın və Özbəkistanın tanınmış mütəxəssislərindən təşkil olunmuş 5 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Müsabiqədə konsert təşkilatları, teatr, radio və televiziya qurumlarında çalışan ifaçılar, ali və orta ixtisas musiqi məktəblərinin tələbələri iştirak edə bilərlər. İştirakçıların yaşı 16 yaşdan 35 yaşa qədər müəyyən edilib.

Sentyabrın 18-də Beynəlxalq musiqi günündə müsabiqəyə yekun vurulacaq və qaliblərin iştirakı ilə onlayn qala-konsert keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 395 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed