Şrift:
ÜST: COVID-19-a təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır
26.08.2020 [14:49] - Gündəm, Sağlıq
Yeni koronavirusa təkrar yoluxma ehtimalı həddən artıq aşağıdır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi bu fikri Honkonqda COVID-19-a təsdiqlənmiş təkrar yoluxma faktı barədə xəbəri şərh edərkən söyləyib

Bu barədə BMT-nin saytı xəbər verir.

Bazar ertəsi dünya mətbuatı pandemiya başlanandan bəri elmi cəhətdən təsdiqlənmiş ilk təkrar yoluxma barədə məlumat yayıb. Dörd aydan çox bundan əvvəl COVID-19-a yoluxan şəxs xarici səfərdən qayıtdıqdan sonra onda koronavirusun başqa ştammı aşkarlanıb.

ÜST-nin nümayəndəsi Marqaret Harris Cenevrədə brifinqdə çıxış edərək vəziyyəti şişirtməməyə çağırıb. Onun sözlərinə görə, yadda saxlamaq vacibdir ki, belə hallar çox azdır - hər 23 milyona bir təkrar yoluxma faktı. O deyib: “Yəqin ki, biz hələ sənədlərlə təsdiqlənmiş yeni təkrar yoluxma halları barədə öyrənəcəyik. Lakin görünür bu, ümumi tendensiya deyil, əks halda belə məlumatlar daha çox olardı”.

Bununla belə, M.Harris Honkonq Universitetinin alimləri tərəfindən aparılan tədqiqatın nəticələrinin əhəmiyyətini qeyd edib. Bu nəticələrə görə pasiyentdə COVID-19-u ikinci dəfə əmələ gətirən ştamm onun birinci dəfə yoluxduğu ştammdan fərqlənir.

“Mühümdür ki, hər iki yoluxma faktı sənədlərlə təsdiqlənib”, - deyə ÜST nümayəndəsi vurğulayıb. O xatırladıb ki, mətbuatda insanların bu xəstəliyə tutulmaları, daha sonra COVID-19 analizinə mənfi cavab almaları, hansısa müddət keçdikdən sonra yenidən yoluxmaları badə dəfələrlə xəbərlər yayılıb. Lakin elmi tədqiqatların olmaması səbəbindən ekspertlər əmin deyildilər ki, söhbət məhz təkrar yoluxmadan, yaxud misal üçün test xətasından gedir.

M.Harris bildirib ki, Honkonq hadisəsinin koronavirus infeksiyasına qarşı immunitet haqqında bilikləri necə dəyişə biləcəyini anlamaq ÜST üçün əhəmiyyətlidir. O deyib: “Hazırda çoxsaylı elmi qruplar tədqiqatlar aparır, xəstəlikdən sonra əmələ gələn təbii immunitetin nə qədər davam etdiyini araşdırmaqdan ötrü təkrar yoluxan pasiyentlərdə anticisimləri üzə çıxarırlar. Onu da bilmək vacibdir ki, belə immunitet vaksinin təmin etdiyi müdafiədən fərqlənir”.
Bu xəbər oxucular tərəfindən 299 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed