Şrift:
Azərbaycan XİN rəhbəri: Münaqişə zonasında gərginliyin qalmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir
26.08.2020 [15:11] - Xəbərlər, Siyasət
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Moskvaya səfəri ərəfəsində Rusiyanın TASS agentliyinə müsahibə verib.

Nazirin sözlərinə görə, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov ilə onun danışıqlarının əsas mövzularından biri rəsmi Bakının Dağlıq Qarabağda münaqişənin nizamlanması perspektivləri barədə mövqeyi məsələsi olacaq. Danışıqlarda həmçinin, Rusiya ilə ali səviyyədə əlaqələr, Ermənistana hərbi yüklər göndərilməsi, habelə koronavirusa qarşı mübarizə məqsədilə Rusiya Federasiyasında yaradılmış vaksini Bakının nə vaxt almağa hazır olacağı barədə müzakirələr aparılacaq.

C.Bayramov qeyd edib ki, Rusiya ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətində mühüm yer tutur. İki ölkə arasında dostluq münasibətləri çoxillik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Azərbaycan XİN rəhbərinin sözlərinə görə, onun Moskvaya səfəri çərçivəsində Rusiya-Azərbaycan ikitərəfli münasibətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması, o cümlədən Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində Ermənistan tərəfindən bu yaxınlarda törədilmiş hərbi təxribat məsələsi müzakirə ediləcək.

Səfər müddətində RF hökumətində və Federasiya Şurasında görüşlər nəzərdə tutulur. Bu görüşlərdə iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığın indiki vəziyyəti və perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olacaq.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasından Qoşulmama Hərəkatının indiki lideri olan Azərbaycanın gözləntiləri barədə sualın cavabında bildirib ki, Qoşulmama Hərəkatında sədrlik edən Azərbaycanın təşəbbüsü ilə koronavirus pandemiyasına qarşı mübarizə üzrə əlaqə qrupu yaradılıb. Bu il mayın 4-də həmin qrup çərçivəsində dövlət və hökumət başçıları səviyyəsində onlayn görüş keçirilib. Görüşün yekunlarına əsasən Azərbaycan Prezidenti İlham Əliyev bu hərəkatın üzvləri olan bütün dövlətlər adından BMT Baş Assambleyasının pandemiyaya qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın və həmrəyliyin möhkəmləndirilməsi mövzusuna həsr edilmiş xüsusi sessiyasının çağırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs BMT üzvləri olan dövlətlərin əksəriyyəti tərəfindən dəstəklənib. BMT-nin Baş katibi iyulun 10-dan etibarən həmin sessiyanın çağırılmasını elan edib. Hazırda xüsusi sessiyanın modallığı şərtləri üzərində iş aparılır. Nazir deyib: “Hesab edirik ki, bu məsələyə Baş Assambleyanın xüsusi sessiyası çərçivəsində baxılması yeni qlobal böhrana qarşı mübarizədə həmrəy yanaşmanın hazırlanması üzrə təcrübə mübadiləsi, donor resurslarından səmərəli istifadə edilməsi və fəaliyyətin əlaqələndirilməsi üçün optimal imkan verəcək. Xüsusi sessiya çərçivəsində plenar iclasla yanaşı ekspertlərin iştirakı ilə panel diskussiyalarının da keçirilməsi planlaşdırılır. Bu diskussiyaların yekunları pandemiyanın fəsadlarının, o cümlədən onun sosial-iqtisadi sahədə nəticələrinin aradan qaldırılmasına dair konkret tövsiyələr hazırlanmasına töhfə verəcək”.

Azərbaycanın Xarici İşlər naziri TASS agentliyinə müsahibəsində 12 iyul hadisələri ilə əlaqədar Azərbaycan-Ermənistan sərhədində vəziyyət barədə də məlumat verib. C.Bayramov vurğulayıb ki, Azərbaycan Ermənistan silahlı qüvvələri tərəfindən növbəti dəfə hərbi hücuma məruz qalıb. O deyib: “Erməni tərəfin bu təxribatı təsadüfi hərbi toqquşma deyil. Biz sərhədin Tovuz istiqamətində hücumu Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı növbəti təcavüz aktı hesab edirik. Ermənistanın məqsədi Azərbaycanın yeni ərazilərini işğal etməkdir. Bu hərbi hücum Ermənistan tərəfindən yeni hərbi strategiya əsasında əvvəlcədən planlaşdırılmışdı. Ermənistan Müdafiə nazirinin bəyanatına görə həmin strategiyada “əlverişli təhlükəsizlik vəziyyəti yaratmaq məqsədilə qabaqlayıcı zərbələr vurulması” və “yeni ərazilər uğrunda yeni müharibə” nəzərdə tutur. Ermənistan bu təcavüzkar hərbi doktrina əsasında hərəkət edərək özünün hərbi və siyasi hesablamalarını əsas götürərək bu hücumu törədib. Ermənistan sərhədin Tovuz sahəsini qəfil hücum üçün ən münasib yer hesab edib. Atəşlərin miqyası və intensivliyi göstərir ki, erməni tərəfi bu hücumu əvvəlcədən planlaşdırıb və fəal hərbi əməliyyatlar zonasına daxil olmayan bu hissədə xeyli silah və sursat cəmləşdirib. Azərbaycanın sərhədyanı ərazilərinin və orada yerləşən mülki obyektlərin intensiv artilleriya atəşlərinə tutulmasının məqsədi dinc əhali arasında vahimə yaratmaq və insanları öz evlərini tərk etməyə məcbur etmək idi. Hücum Azərbaycanın elə bir regionu istiqamətində törədilib ki, orada iri enerji və nəqliyyat infrastrukturu obyektləri yerləşir. Təbii ki, Ermənistanda pandemiya şəraitində gərginləşən daxili siyasi, sosial və iqtisadi problemlər hərbi hücumun vaxtının seçilməsinə təsir göstərib”.

Nazir xatırladıb ki, Azərbaycan silahlı qüvvələri hücumu dəf edib və öz mövqelərini qoruyub. Hərbi baxımdan vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycan mövqelərini atəşə tutmaqda davam edir.

C.Bayramov bildirib: “Gələcəkdə bu cür toqquşmaların qarşısını almaq məsələsinə gəldikdə burada münaqişənin ilkin səbəblərinə diqqət yetirmək lazımdır. Səbəb Ermənistanın Azərbaycana qarşı təcavüzünün və Azərbaycan ərazilərinin işğalının davam etməsidir. Buna görə də bizim fikrimizcə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, gələcəkdə oxşar provokasiyaların təkrarlanmasının qarşısının alınması üçün işğalçı qoşunlar BMT Təhlükəsizlik Şurasının iddia müddəti olmayan və münaqişənin nizamlanmasının əsasını təşkil edən 4 qətnaməsində tələb olunduğu kimi işğalçı qoşunlar Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmalıdır. Bu baxımdan biz hesab edirik ki, beynəlxalq birlik, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələr Ermənistanı status kvonun saxlanması siyasətindən əl çəkməyə və substantiv danışıqlara başlamağa məcbur etməlidir. Bu danışıqların çərçivəsi BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd edilən qətnamələri və ATƏT-in qərarları ilə, ilk növbədə 1994-cü il Budapeşt sammitinin sənədləri ilə müəyyən edilib. Sənədlərə əsasən həmsədr ölkələr silahlı münaqişənin dayandırılması barədə tezliklə saziş bağlanması vəzifəsini qoyur. Bu sazişin icrası silahlı münaqişənin nəticələrini aradan qaldıracaq və siyasi məsələlərin həlli üçün şərait yaradacaq.

Azərbaycan XİN rəhbərinin fikrincə, münaqişə zonasında gərginliyin saxlanmasının əsas səbəbi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsidir. Nazir deyib: “Deməli, işğalın özünü aradan qaldırmaq, yəni Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarmaq lazımdır. Danışıqların predmeti məhz işğalçı qüvvələrin çıxarılması qrafikinin razılaşdırılmasından ibarət olmalıdır. Biz monitorinq məsələsinə qoşunların çıxarılması və doğma yerlərindən qovulmuş əhalinin geri qaytarılması kontekstində baxırıq. Bu istiqamətdə sonrakı fəaliyyət ərazilərin azad edilməsi ilə sinxronlaşdırılmalıdır”.

C.Bayramov xatırladıb ki, Minsk qrupunun həmsədrləri bu ilin payızında Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş təşkil etmək istəyirlər, lakin Ermənistanın hərəkətləri vasitəçilərin səylərini faktiki olaraq heçə endirir. Azərbaycanın Dağlıq Qarabağ regionunda və işğal edilmiş digər ərazilərində münaqişənin nizamlanması prosesinin Ermənistan tərəfindən pozulması təkcə iyulun 12-də baş vermiş hərbi hücumla məhdudlaşmır. Ermənistan rəhbərliyi müharibənin nəticələrinin təsbit edilməsinin zəruri olduğunu bəyan etməklə, ərazilərin azad olunması imkanını istisna etməklə, Azərbaycanın yaşayış məntəqələrinə zərbələr endirilməsi barədə təhdidlərlə, işğal olunmuş ərazilərin qeyri-qanuni məskunlaşdırılması siyasətini davam etdirməklə və beləliklə həmin ərazilərdə demoqrafik vəziyyəti dəyişdirməklə danışıqların bərpa olunması şanslarını heçə endirir. Ermənistan tərəfinin aqressiv bəyanatlarının və təhrikçi addımlarının siyahısını davam etdirmək olar. Belə şəraitdə xarici işlər nazirlərinin görüşünün tarixi barədə danışmaq tez olardı. Biz ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan tərəfin Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması üzrə substantiv danışıqlar aparılmasına və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 4 qətnaməsində və ATƏT-in 1994-cü il Budapeşt sammitinin qərarında nəzərdə tutulduğu kimi silahlı münaqişənin digər nəticələrinin aradan qaldırılmasına hazır olmasına zəmanət verilməsini gözləyirik. Belə razılaşmaların reallaşdırılması gələcəkdə siyasi məsələlərin müzakirəsinə başlamağa imkan verəcək.

Nazir xatırladıb ki, Ermənistana hərbi yüklər göndərilməsi barədə xəbərlər, xüsusən Azərbaycanın dövlət sərhədinin Tovuz istiqamətində təcavüzkar Ermənistanın silahlı hücumlarının fəallaşması fonunda Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaxın vaxtlarda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə strateji tərəfdaşlıq, etimada əsaslanan dialoq və iki prezidentin qarşılıqlı hörməti ruhunda telefon söhbəti zamanı bu məsələni qaldırıb. Ermənistan rəhbərliyinin aqressiv ritorikası və silahlı provokasiyaların intensivliyinin artması fonunda Ermənistan tərəfə silahlar göndərilməsi gərginliyin eskalasiyası riski yaradır, münaqişənin dinc yolla nizamlanması prosesini zəiflədir və bütövlükdə Azərbaycanın təhlükəsizliyinə təhdid yaradır.

Azərbaycan XİN rəhbəri TASS agentliyinə müsahibəsində koronavirusa qarşı vaksinin alınması və təhsil sahəsində əməkdaşlıq məsələlərinə də toxunub.
Bu xəbər oxucular tərəfindən 221 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed