Şrift:
Polkovnik Əzizağa Qənizadə: Tovuz hadisələrindən sonra Ermənistan ordusunun növbəti təxribatı da uğursuzluqla nəticələndi
26.08.2020 [16:11] - Gündəm, Hərb
Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupunun avqustun 23-də səhər saat 05:45 radələrində Goranboy rayonu istiqamətində Azərbaycan Ordusuna qarşı təxribatının qarşısı bölmələrimiz tərəfindən qətiyyətlə alınıb. Birinci dəfə deyil ki, Ermənistan ordusu Azərbaycana qarşı uğursuz diversiya aksiyaları həyata keçirir.

Bunu açıqlamasında ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə deyib.

Ehtiyatda olan polkovnik bildirib ki, düşmənin diversiya-kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı erməni diversiya qrupunun komandiri, baş leytenant Qurgen Alaverdyan bölmələrimiz tərəfindən əsir götürülüb. Ermənistanın diversiya-təxribat qrupunda yaralanan və ölənlərin olduğu deyilsə də, düşmən məlumatı təkzib edərək yenə öz itkilərini açıqlamır. Həmişə olduğu kimi, Ermənistanın Müdafiə Nazirliyi yenə də bildirib ki, guya, erməni zabiti azaraq Azərbaycan Ordusunun mövqelərinə keçib. Əslində təkcə erməni zabiti Qurgen Alaverdyan deyil, ümumilikdə, Ermənistan ordusu və rəhbərliyi yolunu azıb. Onların yolunu azmasını artıq bütün dünya bilir. Bu, Tovuz hadisələrindən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti uğursuz təxribat cəhdidir. Mahiyyət etibarilə sabotaj, diversiya və terror xarakterli uğursuz əməliyyatın əsas hədəfi Azərbaycan Ordusunun bölmələrinin kazarmaları və şəxsi heyəti olub. Lakin bölmələrimizin ayıq-sayıqlığı, şəxsi heyətin peşəkarlığı nəticəsində düşmənin bu fəaliyyətinin qarşısı alınıb, erməni hərbçiləri itki verərək qorxaqcasına geri qaçmağa məcbur ediliblər. Düşmən tərəfindən yaralanan və ölənlərin olduğu bildirilsə də, Ermənistan hakimiyyəti 2016-cı ilin aprel döyüşləri və 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı olduğu kimi, yenə də döyüş itkiləri və yaralananlar barədə məlumatı gizlətməyə çalışır.

“Ermənistan tərəfi davamlı şəkildə Azərbaycana qarşı terror, diversiya aksiyaları həyata keçirir. Ölkəmizə qarşı bu tipli aksiyalar həyata keçirməyə çalışan bir çox erməni hərbi qulluqçuları tərəfimizdən saxlanılaraq mühakimə olunub. Ermənistanın ombudsmanı A.Tatoyan bəyan edib ki, yayılan videolar tutulan kəşfiyyatçının hüquqlarının pozulduğunu göstərir. Beynəlxalq qanunvericiliyə istinad edərək belə bir iddianı irəli sürməkdən öncə, Tatoyan məhz Ermənistan tərəfinin Cenevrə Konvensiyasının bütün tələblərini kobud şəkildə pozaraq, Dilqəm Əsgərova, Şahbaz Quliyevə, o cümlədən bu günədək əsir və girov götürülmüş digər azərbaycanlılara vəhşicəsinə işgəncələr verilməsi barədə də danışsaydı, daha obyektiv olardı”, - deyə Ə.Qəni-zadə bildirib.
Bu xəbər oxucular tərəfindən 275 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed