Şrift:
Göyçayda bələdiyyə sədrinin qanunsuz ağac kəsilməsinə göstəriş verməsi ilə bağlı cinayət işi başlanıb
27.08.2020 [10:41] - Gündəm, Sosial
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür. Lakin bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Göyçay Rayon Prokurorluğundan daxil olan məlumatında bildirilib ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Eldar şamı cinsindən bir ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla cari ilin fevralında Göyçay Şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimovun göstərişi ilə həmin ağacın məhv edilməsi və nəticədə təbiətə 18 min manat məbləğində ziyanın dəyməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.4-cü (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş ziyanın ödənilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 106 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed