Şrift:
Yunanıstanın qaçqın düşərgələrindəki 100 uşaq Vyana şəhərində məskunlaşacaq
02.09.2020 [09:50] - Gündəm, Siyasət
Vyana əyaləti Yunanıstanın Lesbos adasındakı Moria qaçqın düşərgəsindən xüsusi qayğıya ehtiyacı olan 100 uşağı qəbul edəcək. Bu barədə qərarı əyalət parlamentində təmsil olunan üç partiya qəbul edib. Əyalət Parlamentində (Landtaq) səslərin əksəriyyətini təşkil edən bu partiyalar ölkə hökumətinə də müraciət ediblər. Müraciətdə həmin uşaqların paytaxt Vyanada qəbulu və yerləşdirilməsi üçün Avropa İttifaqının (Aİ) müvafiq qurumları ilə danışıqların aparılması qeyd olunub.

Yunan adalarındakı vəziyyətlə əlaqədar Avropa Komissiyası xüsusi qayğıya ehtiyacı olan min qaçqının Aİ ölkələri arasında paylanması təşəbbüsü ilə çıxış edib. Vyana əyalət partiyalarının açıqlamasında qeyd edilib ki, üç min nəfər üçün nəzərdə tutulan Moria düşərgəsində hazırda 16 min qaçqın məskunlaşıb və onların vəziyyəti olduqca acınacaqlıdır. COVID-19 pandemiyası isə düşərgədəki vəziyyəti daha da ağırlaşdırıb.

Miqrant və qaçqın mövzularında radikal mövqeyi ilə seçilən Avstriya Azadlıq Partiyası (FPÖ) bu qərarı tənqid edib və yaxın gələcəkdə ölkəyə yüzlərlə sosial miqrantların axını üçün zəmin hazırlandığını iddia edib.

Qeyd edilməlidir ki, oktyabrın 11-də Vyana Əyalət Parlamentinə növbəti seçkilər keçiriləcək. Seçki öncəsi partiyalar öz elektoratlarını səfərbər etməyə çalışırlar. Əhalisinin 20 faizinin miqrant əsilli şəxslərdən təşkil olunduğu Vyanada miqrasiya mövzusu ənənəvi olaraq seçkilərdə ön planda dayanır.
Bu xəbər oxucular tərəfindən 447 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed