Şrift:
Prezidentin “Real” partiyasına zəngi və radikalların “Real”a basqıları - müxalif partiyalarda tam köhnəlmiş siyasi şüur dəyişilməyib hələ…
08.09.2020 [19:40] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Öz dövlətinin təmsilçiləri ilə danışmayanlar gedib tamamilə başqa masalarda danışırlar”

Azərbaycanda müxalif mövqeyi ilə tanınan ReAL Alternativ (ReAL) partiyası qeydiyyatına alınıb. Bununla bağlı müvafiq sertifikatı Ədliyyə nazirinin müavini Toğrul Musayev İlqar Məmmədovla keçirilən görüşdə təqdim edib.
Bundan sonra ReAL sədri İlqar Məmmədovun Prezident Administrasiyasının Siyasi partiyalarla və qanunvercilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə növbəti görüşü keçirilib. Bu barədə partiyanın rəsmi "Facebook" səhifəsində bildirilib. Qeyd olunub ki, Ə.Vəliyev partiyanın qeydiyyatı münasibətilə Prezident İlham Əliyevin təbrikini İ.Məmmədova çatdırıb.

Təbrikə görə təşəkkürünü bildirən ReAL sədri siyasi partiyaların qeydiyyatında son aylarda baş verən əhəmiyyətli dəyişikliyin müsbət yenilik olduğunu vurğulayıb: “Tək ölkə vətəndaşları deyil, həm də ABŞ, Fransa, Böyük Britaniya və Avropa İttifaqı tərəfindən rəsmi bəyanatlarda partiyamızın qeydiyyatına yüksək qiymət verildiyi, bunun ölkəmizin beynəlxalq nüfuzuna ciddi fayda gətirən amil olduğu bildirilib. İlqar Məmmədov Prezidentin köməkçisi Hikmət Hacıyevin bu yaxınlarda vətəndaş cəmiyyəti təşkilatları ilə başladığı görüşlər seriyasının həm də REAL Partiyası ilə hakimiyyət arasında davam edən dialoqun əks-sədası olduğunu görüşdə eşitməyindən məmnunluğunu ifadə edib. REAL sədri Avropa Şurasında 4 ilə yaxındır Azərbaycana qarşı davam edən pozuntu prosedurunun, nəhayət, rəsmən aradan qaldırılmasını da hakimiyyətin ReAL ilə aparılan dialoqun müsbət nəticələrindən biri olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, yaratdığımız hüquqi örnək Azərbaycanın Avropa İnsan Haqları Konvensiyası sistemində yerini qorudu. Bunun önəmi Avropa Şurası Baş katibinin bəyanatında bir daha vurğulanıb".

Qeyd edək ki, REAL-ın dövlət qeydiyyatına alınması və ölkə başçısının bu münasibətlə partiyanı təbrik etməsi partiyanı radikal müxalif cameənin tənqid hədəfinə gətirib. Həmin dairələr az qalırlar ki, ReAL-ı satqınlıqda günahlandırsınlar. Bu xüsusda verdiyi açıqlamaya görə Müsavat başqanı Arif Hacılı ilə ReAL rəhbərliyi arasında söz atışması olub. Arif Hacılınının məsələyə münasibəti belə olub: “ReAl artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir”.


ReAL Partiyasının funksioneri Natiq Cəfərli isə A.Hacılıya belə cavab verib: “Mən sizi ciddi adam sayıram, nə ilə sübut edərsiz bu absurd iddianızı? Nədir sizi narahat edən?! Son 3 gündə bütün Qərb dövlətlərinin təbrikimi? Deməli, Fransa, ABŞ, Britaniya, AB səfirləri hakimiyyətə işləyir, eləmi?! Yoxsa 27 ildir elə bilirsiz ki, burda Qərb hakimiyyəti dəyişəcək, siz də kənarda qalacaqsız?!

Siz özünüz azı 5 dəfə müsahibə verib danışıqlara yaşıl işıq yandırdız, indi nədir dərdiniz?! Elə bilirsiniz ki, xora qoşulmaqdır siyasətçinin işi?! Sizi istənilən internet TV-də debata dəvət edirəm, ya sözünüzü sübut edəcəksiz, ya üzr istəyəcəksiz. Buyurun. Gözləyirəm”.

Bir partiyanın dövlət qeydiyyatına alınması və ölkə rəhbərliyi tərəfindən təbrik edilməsinə görə ona satqın damğasını vurmaq nə dərəcədə əsaslıdır və bu, siyasi münasibətlər sistemində necə addım kimi qiymətləndirilə bilər?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, radikalların bu davranışı onu təəccübləndirməyib: “Ənənəvi mövqelərini bir başqa formada təqdim ediblər. Bunlar biri həbsxanaya düşəndə onu müdafiə edir, çıxandan sonra həmin adama qarşı olurlar. Sanki hesab edirlər ki, həmin adam ömrünü elə zindanda tamamlamalıydı. Çünki onlar özlərinə mənfəətdən başqa nəsə güdmürlər. Hətta öz üzvlərinə qarşı da belədirlər. Həbsxanada olanda qrant almaq üçün içəridəkiləri müdafiə etməyə məcbur qalırlar. Partiyaların fəaliyyəti üçün münbit şərait yaradılanda onların keçirdiyi narahatlıq da başadüşüləndir. Onlar meydanın boş olmasını istəyir ki, monopoliyaya almaq istədikləri sahədə sərbəst hərəkət edə bilsinlər. Bolşevik təfəkkürü ilə yanaşırlar ki, nə varsa onların istədiyi kimi olmalıdır. Bunların özləri parlamentdə təmsil olunanda hər şeyin normal olduğunu deyirlər, amma parlamentə düşə bilməyəndən sonra seçkilərin saxta keçdiyini deyirlər. Mən həbsxanadan çıxıb seçkilərdə iştirak edən zaman bir fikir dedim ki, həmin adamlarla eyni fəaliyyəti göstərmişik. Mən fəaliyyətimə görə həbsxanaya getdim, bunlar isə parlamentdə oturdular. Məntiqlə isə başqa cür olmalıydı. Eyni fəaliyyətə görə ya hamı məhbəsə getməliydi, ya da hamı parlamentdə oturmalıydı. Bunlar öz xeyirlərinə olanları normal, ziyanlarına olanları isə anormal kimi qəbul edirlər.

Partiyaların qeydiyyat məsələsilə bağlı olan mühüm bir məsələni diqqətinizə çatdırım. Partiya hakimiyyətə gəlmək üçün təşkilatlanmanın bir formasıdır. Heç bir seçkidə iştirak etməyən partiyanın məqsədi qeyri-legetim yollarla hakimiyyətə gəlmək istəyindən başqa nəsə ola bilməz. Bunlar hakimiyyətlə dialoqu, masada nəinsə danışılmasını istəmirlər. Öz dövlətinin təmsilçiləri ilə danışmayanlar gedib tamamailə başqa masalarda danışırlar. Gedib, Moskvada Milli Şura formalaşdırırlar. Artıq bu mövqe cəmiyyət tərəfindən də qəbul olunmur. Mən hesab edirəm ki, onların tutduqları iradlara heç ciddi əhəmiyyət vermək də lazım deyil. Son dövrdə Ədalət Vəliyevin rəhbərliyi ilə siyasi partiyalarla ciddi iş aparılır. Dünya praktikasında olduğu kimi, artıq Azərbaycanın da daxili palitrasında uzlaşma, milli maraqlarla bağlı ortaq davranış, pis olanların tənqid edib aradan qaldırılması, yaxşı örnəklərin tətbiqi siyasəti nəzərə çarpır. Bir qrup özünü təcrid edənlər isə gündəmə başqa cür gəlmək istəyirlər. Bu ssenariləri də onlara kənardan verirlər. Ölkədəki milli birliyi istəməyən dairələr onları belə fəaliyyətə sürükləyir. Mən də sizin tribunadan istifadə edib, ReAL və qeydiyyatdan keçən digər partiyaları da ürəkdən təbrik edirəm. Hesab edirəm ki, ölkədə hakimiyyətə gəlməyin yeganə yolu qeydiyyatdan keçən partiya kimi fəaliyyətdir”.

Ölkənin siyasi palitrasında partiyaların müxtəlifliyi siyasi rəqabət yaradır ki, bundan da yalnız inkişaf doğa bilər.

Məhəmmədəli QƏRİBLİ
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed