Şrift:
Azərbaycan “WSIS-2020” çərçivəsində keçirilmiş Nazirlər Toplantısında təmsil olunub
09.09.2020 [11:39] - Gündəm, İqtisadiyyat
Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti (WSIS-2020) çərçivəsində virtual formatda Nazirlər Toplantısı keçirilib. Tədbirin əsas müzakirə mövzusu rəqəmli fərqliliyin aradan qaldırılması – rəqəmli keçidin sürətləndirilməsi üçün qlobal əməkdaşlıq mexanizmlərinə dair məsələlər olub. Nazirlər Toplantısında ölkəmizi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə təmsil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, virtual dəyirmi masa iştirakçılarını salamlayan E.Vəlizadə hazırda bəşəriyyətin mübarizə apardığı koronavirus pandemiyasının əlaqələrin əhəmiyyətini artırdığını və rəqəmsal fərqliliyin aradan qaldırılması məsələsinin vacibliyini ortaya çıxardığını deyib.

Nazir müavini Azərbaycanda İKT sektoru da daxil olmaqla yüksək texnologiyaların inkişafının dövlət siyasətinin prioriteti olduğunu qeyd edib.

“Ölkəmizdə həyata keçirilən layihələr daxili ehtiyacları nəzərə alır, eyni zamanda, regional istifadə imkanlarını da təmin edir. Məsələn, peyk proqramını uğurla həyata keçirən Azərbaycan, ilk növbədə milli tələbatı ödəməklə yanaşı, Avropa, Asiya, Orta Şərq və Afrika da daxil olmaqla geniş coğrafiya ölkələri üçün peyk xidmətləri göstərir”, – deyə E.Vəlizadə vurğulayıb.

Çıxışının sonunda nazirlik rəsmisi EPEG (Europe-Persia Express Gateway) fiber-optik xətt və TASIM – Trans-Avrasiya Super İnformasiya Magistralı kimi layihələrin bölgədəki rəqəmsal fərqliliyin azaldılmasına xidmət etdiyini söyləyib.
Bu xəbər oxucular tərəfindən 305 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed