Şrift:
Sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələrinin texniki müayinədən keçirilməsinə başlanılıb
09.09.2020 [11:48] - Gündəm, Sosial
Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti tərəfindən nəqliyyatın intensiv və keyfiyyətli fəaliyyətinin təmin edilməsi, xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması, eləcə də payız-qış mövsümünün uğurla başa vurulması üçün sentyabr ayının 7-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən avtobus və mikroavtobusların texniki müayinədən keçirilməsinə başlanılıb.

Xidmətdən bildirilib ki, bu məqsədlə xidmət tərəfindən 5 nəfərdən ibarət Texniki Müayinə Komissiyası yaradılıb. Komissiya tərəfindən ilk olaraq muxtar respublikanın ucqar dağ və sərhəd kəndlərinə işləyən avtobusların texniki müayinəsi həyata keçirilib, aşkar olunan çatışmazlıqların aradan qaldırılması üçün sürücülərə lazımi köməklik göstərilib.

Sentyabr ayının sonunadək muxtar respublika daxilində 135 marşrut xətti üzrə fəaliyyət göstərən 313 avtobus texniki müayinədən keçiriləcək. Rayondaxili marşrutların texniki müayinəsi isə müvafiq rayon avtovağzallarında aparılacaq. Görülən tədbirlər çərçivəsində avtovağzallarda istilik sistemlərinin işlək vəziyyətə gətirilməsi və çatışmazlıqların aradan qaldırılması da nəzərdə tutulub. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq qısa müddət ərzində mövcud olan marşrut xətlərinin hamısının hərəkət sxemi hazırlanıb, müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobus və mikroavtobuslara paylanıb, avtobusların görməli yerlərindən asılıb.

Qeyd edək ki, taksi minik avtomobillərinin texniki müayinəsi isə oktyabr ayında həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 538 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed