Şrift:
Son yarım əsrdə dünyada vəhşi heyvanların sayı kəskin azalıb
10.09.2020 [13:24] - Xəbərlər, Sosial
1970-ci ildən indiyədək planetimizdə vəhşi heyvanların sayı kəskin şəkildə azalıb.

Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) “Yaşayan planet hesabatı”nda 1970-ci illə müqayisədə məməlilər, quşlar, amfibiyalar, sürünənlər və balıqların ümumi sayının 68 faiz azaldığı qeyd olunub. Hesabatda qeyd olunub ki, 1970-ci ildən 1995-ci ilədək olan dövr ərzində azalma 30 faiz təşkil edib, hazırda isə bu göstərici kəskin şəkildə, yəni iki dəfədən çox artıb.

WWF-in mütəxəssisləri bu vəziyyəti meşələrin məhvi, vəhşi heyvanların yaşadıqları arealların kənd təsərrüfatı və urbanizasiya üçün istifadəsi, qanunsuz ovlanma, həddən artıq çox balıqtutma və digər fəaliyyətlərlə əlaqələndiriblər və bu prosesi dayandırmaq üçün qlobal və əsaslı sistem dəyişikliyinin baş verməsinin vacibliyini vurğulayıblar. Müəlliflərə görə, vəhşi heyvanların beşdəbiri bu əsr ərzində təkcə qlobal istiləşmə nəticəsində yer üzündən silinə bilər. WWF-in Avstriya nümayəndəliyinin əməkdaşı Qeorq Skattolin hesabatın təqdimatında bildirib ki, əgər “Yaşayan planet hesabatı” birjadakı indekslərdən biri olsaydı, o zaman beynəlxalq bazarlarda tarixin ən böyük panika və böhranlarından biri baş verərdi. Bu vəziyyəti dəyişmək üçün Paris İqlim Sazişinin nümunəsi əsasında dünya ölkələri qlobal Təbiətin Mühafizəsi Paktı üzərində işləməlidirlər. Hazırda Amazon hövzəsində meşələrin məhvi vəhşi heyvanların sayına da mənfi təsir göstərir və Mərkəzi və Cənubi Amerika dünyada vəhşi heyvanların sayının sürətlə azaldığı əsas regiondur.

Qeyd edilməlidir ki, “Yaşayan planet hesabatı” indeksi 4392 növ və 20811 onurğalı heyvan populyasiyası əsasında tərtib olunub.
Bu xəbər oxucular tərəfindən 344 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed