Şrift:
“Necə olur ki, 200 min insan üçün 300 məktəb yaradılır, amma 3 milyon insan üçün...”
10.09.2020 [17:23] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Rus təmayüllü məktəblərin sayı azaldılmalıdır”

Rusiyanın işğalçı Ermənistanı silahlandırması ölkəmizdə ciddi narahatlıq və narazılıqla qarşılanmaqdadır. Məhz bu səbəbdən də son vaxtlar media və sosial şəbəkələrdə ölkəmizdəki rus məktəblərinin sayının azaldılması ilə bağlı təkliflər səslənməkdədir.

Maraqlıdır, belə bir addımın atılmasına ehtiyac varmı? Ölkəmizdəki rus məktəblərinin sayının azaldılması Kremlə adekvat mesaj hesab oluna bilərmi?

Moderator.az-a açıqlama verən sabiq millət vəkili Fərəc Quliyev, bu istiqamətdə konkret addımlar atılmnasını vacib hesab etdiyini bildirdi:

Mən bu məsələni hələ parlamentdə olanda qaldırmışam. Bildirmişəm ki, ölkəmizdə 300-ə qədər rus məktəbi var. Hansı ki, ölkəmizdə yaşayan rusların sayı cəmi 200 minə yaxındır. Rusiyada isə 3 milyon azərbaycanlı yaşayır və işləyir. Orada isə sadəcə bazar günü məktəbləri var. Buradakı ruslar da zəhmət çəkib Azərbaycan dilini öyrənsinlər və tədrisin Azərbaycan dilində olduğu məktəblərdə oxusunlar. Istəsələr onlar da bazar günü məktəbləri aça bilərlər.

Biz bütün xarici dillərin, eləcə də rus dilinin öyrənilməsində maraqlıyıq. Hətta erməni dilini belə öyrənməliyik. Çünki düşmənin dilini bilmək lazımdır. Lakin bunu unutmaq olmaz ki, Azərbaycandakı rus məktəbləri üçün ədəbiyyat Rusiyadan gətirilir. Bizim məktəblərimizdə Rusiyanın mədəniyyəti, onların baxışları, düşüncələri öyrədilir. Bu, çox təhlükəl bir məsələdir.

İnvaziv mədəniyyətlərin bir ölkədən digər ölkəyə daxil olması məsələsi var. Obama bununla bağlı qərar vermişdi və bildrimişdi ki, invaziv növlərin gəlişinin qarşısı mədəniyyəti qorumaq naminə alınmalıdır.

Rusiyanın ölkəmizdə bu cür şəxslər yetişdirməsi siyasi baxımdan da təhlükədir. Rusiyada belə bir qərar var ki, dünyanın harasıdna rus dilində danışan, bu dilə bağlı olan kimsə varsa, həmin şəxs Rusiya vətəndaşlığı almaq üçün müraciət edə bilər. Doktirinasında bu da qeyd edilib ki, dünyanın hər hansı bir yerində Rusiya vətəndaşı üçün təhlükə varsa, Rusiya orada hərbi əməliyyatlar keçirə bilər. Bu, ciddi təhdiddir.

Bir daha qeyd edirəm ki, rus təmayüllü məktəblərin sayını azaltmaq lazımdır”.

Seymur ƏLİYEV
Bu xəbər oxucular tərəfindən 620 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed