Şrift:
Dərsliklərin qiymətləndirilməsi üzrə mütəxəssis olmaq istəyənlərin nəzərinə
14.09.2020 [12:21] - Xəbərlər, Mədəniyyət
Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.

Təhsil Nazirliyindən bildirilib ki, mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilən materialların elmi etibarlılığını, dəqiqliyini, inkişafyönümlülüyünü, tərbiyəyönümlülüyünü, dəyəryönümlülüyünü, şagirdlərin yaş xüsusiyyətlərinə, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğunu, dizayn və tərtibatın məntiqliyini, estetikliyini və müasirliyini qiymətləndirəcəklər.

Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis olmaq istəyən namizəd müraciət etdiyi xidmətlərin istiqamətinə uyğun ali təhsilə, müraciət etdiyi fənnə uyğun pedaqoji və ya elmi təcrübəyə malik malik olmalı, “Microsoft Word” proqramından istifadə etməyi bacarmalıdır.

Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları ilə iş təcrübəsi olan, ingilis dilini bilən, xarici tədris resurslarının tərcümələrində iştirak edən, elmi dərəcəsi, 10 (on) ildən artıq pedaqoji təcrübəsi, buraxılış imtahanlarında tətbiq edilən tapşırıqların, xüsusilə situasiya tapşırıqlarının hazırlanmasında təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

Namizədlər müraciət etdiyi fənni göstərmək şərti ilə öz qısa avtobioqrafiyalarını (CV) sentyabrın 30-dək vusala.aliyeva@edu.gov.az elektron poçtuna göndərə bilərlər.

CV-lər əsasında tələblərə cavab verən namizədlər seçilərək onlardan müraciət etdiyi fənn üzrə ən azı bir dərsliyi qiymətləndirmək tələb olunacaq. Təqdim edilən sınaq qiymətləndirmə əsasında ən uyğun namizədlər müəyyənləşdiriləcək və onlar müsahibəyə dəvət ediləcək.

Xatırladaq ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.
Bu xəbər oxucular tərəfindən 186 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed