Şrift:
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Albert Lixanova “Dostluq” ordenini təqdim edib
14.09.2020 [12:41] - Xəbərlər, Siyasət
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Beynəlxalq Uşaq Fondları Assosiasiyasının prezidenti, Rusiya Uşaq Fondunun sədri, yazıçı Albert Lixanova “Dostluq” ordenini təqdim edib.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Albert Lixanov “Dostluq” ordeni ilə təltif edilib.

Səfir Polad Bülbüloğlu yazıçını 85 illik yubileyi münasibətilə təbrik edərək Azərbaycan dövlətinin başçısının təbrik məktubunu oxuyub. Məktubda qeyd edildiyi kimi, artıq otuz ildən çoxdur ki, Rusiya Uşaq Fondu A.Lixanovun rəhbərliyi ilə ailə institutunun və ailə dəyərlərinin möhkəmləndirilməsinə, uşaq hüquqlarının müdafiəsinə, çətin vəziyyətə düşmüş uşaqların dəstəklənməsinə yönəlmiş mühüm iş aparır.

Məktubda deyilir: “Azərbaycan xalqının görkəmli oğlu Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsinə, binəsib uşaqların müdafiəsi kimi nəcib işə onun sanballı töhfəsinə, onunla birgə apardığınız, Sovet Uşaq Fondunun yaradılması ilə nəticələnmiş işə Sizin qayğıkeş münasibətinizi Azərbaycanda yüksək qiymətləndirirlər”.

Sonra səfir P.Bülbüloğlu akademik A.Lixanovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamını oxuyub. Diplomat ordeni təqdim edərək deyib: “Sizin töhfəniz olduqca böyükdür. Bu barədə çox danışır, çox yazırlar. Siz həqiqətən barənizdə deyilənlərin hamısına layiqsiniz. Sizin insani mahiyyətiniz, insanlara münasibətiniz, hər hansı mühüm tədbirdə iştirakınız həmişə bizim hamımız üçün böyük bayramdır. Mən bu tədbirdə iştirak edən hər kəsə, təbii ki, özümə də arzulamaq istərdim ki, biz Albert Anatolyeviçin 100 illiyini bu zalda qeyd edək və mən səfir qismində onu Azərbaycanın növbəti ordeni ilə təltif edim”.

A.Lixanov AZƏRTAC-ın müxbiri ilə söhbətində ümummilli lider Heydər Əliyev barədə xatirələrini bölüşüb: “Bizi Heydər Əliyev ilə çoxillik dostluq telləri bağlayırdı. 1984-cü ildə mənim Sovet İttifaqında valideynlərini itirmiş uşaqların vəziyyəti barədə məktubum dəstəkləndi. Bu məsələ ilə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev məşğul olurdu. Biz onunla görüşdük, SSRİ-də valideynlərini itirmiş uşaqların vəziyyəti barədə xeyli danışdıq, yeni sənəd hazırladıq. 1985-ci ildə çox mühüm qərar qəbul edildi və indiyədək bu qərar qüvvədədir. Sənəddə valideynlərini itirmiş uşaqlara yeni münasibət müəyyən edilmişdi. O dövrdə belə uşaqların sayı bir milyonu keçirdi”.

Albert Lixanov qeyd edib ki, Heydər Əliyev ilə onun dostluğu ümummilli lider Azərbaycana qayıtdıqdan sonra da uzun illər davam edib. O deyib: “Mən ideyalarıma xoş münasibət göstərdiyinə görə daim ona minnətdar olmuşam. Bu, bütün Sovet İttifaqındakı uşaqlara əsl dövlət münasibəti idi. Qərar qəbul olundu, iş yerinə yetirildi. Mən onun xatirəsi qarşısında baş əyirəm, ruhu şad olsun”.
Bu xəbər oxucular tərəfindən 193 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed