Şrift:
Ağstafa rayonunda bələdiyyə sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb
15.09.2020 [11:18] - Gündəm, Hüquq
Ölkəmizdə həyata keçirilən islahatlara kölgə salan bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən sui-istifadə edərək qanun pozuntuları törətmələrinə qarşı prokurorluq orqanlarının mübarizə tədbirləri fasiləsiz həyata keçirilir.

Qazax Rayon Prokurorluğunun daxil olan məlumatında bildirilib ki, həmin tədbirlərdən biri kimi, Ağstafa rayonu Dağkəsəmən bələdiyyəsinin sədri işləyən Ariz Bayramovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla Ariz Bayramovun tamah niyyəti ilə Dağkəsəmən bələdiyyəsinə məxsus 0,3 hektar torpaq sahəsinin satılması barədə qərara və kassa mədaxil orderinin qəbzinə vətəndaşın məlumatlarını, habelə 2006-cı il oktyabrın 6-da guya alqı-satqı aparılmasına dair qeydlər yazmaqla rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək özünün imzası və bələdiyyənin möhürü ilə təsdiqləyərək vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.
Bu xəbər oxucular tərəfindən 1033 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed