Şrift:
Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsində uğur qazananların qeydiyyatı başlanıb
16.09.2020 [11:18] - Gündəm, Sosial
Peşə təhsil müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsində uğur qazananların qeydiyyatı başlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən bildirilib ki, elektron tələbə qəbulunun II mərhələsi çərçivəsində uğurlu nəticə göstərən şəxslər sentyabrın 21-i saat 18:00-dək aşağıda qeyd edilən sənədləri müvafiq peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir:

- attestatın əsli;

- sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi

arayış;

- sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;

- şəxsiyyət vəsiqəsinin surəti;

- 3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

- hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;

- güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə “SMS” vasitəsilə məlumat təqdim olunub. Həmçinin uğurlu nəticə göstərən şəxslərin qəbul oldduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yerləşdirilib.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi avqustun 10-dan 24-dək elektron qaydada həyata keçirilib. Peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə elektron tələbə qəbulunun II mərhələsi sentyabrın 4-dən 14-dək aparılıb.

Ümumilikdə 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Sistemdə ümumilikdə 20 144 nəfər qeydiyyatdan keçib, onların 19128-i ixtisas seçimini tamamlayıb. II mərhələdə 5014 şəxs, ümumilikdə isə 14950 şəxs müsabiqədən uğurla keçmiş hesab olunur.

Qeyd edək ki, peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardım alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.
Bu xəbər oxucular tərəfindən 169 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed