Şrift:
Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa siyasi prioritetlərini açıqlayıb
17.09.2020 [10:03] - Xəbərlər, Siyasət
Sentyabrın 17-də özünün ilk tam iş gününə başlayan Yaponiyanın yeni Baş Naziri Yoşihide Suqa bəyan edib ki, onun kabineti fəaliyyətə hazırdı

Bu barədə o, həmin gün səhər jurnalistlərlə ilk görüşündə bildirib.

“Yapon xalqı naminə yorulmadan işləmək üçün tam qətiyyətimlə hazıram və xalqın ümidini doğrultmağa çalışacağam”, - deyə Y.Suqa vurğulayıb.

Baş Nazir qeyd edib ki, sələfi Şinzo Abe hökuməti tərəfindən əsası qoyulmuş siyasətin davam etdirilməsi üçün var gücü ilə çalışacaq. Bu yolda koronavirus pandemiyasının yayılmasının qarşısını alaraq, iqtisadiyyatın bərpası üçün əlindən gələni edəcək.

İqtisadiyyatın bərpası istiqamətində yeni hökumətin həyata keçirəcəyi tədbirlər barədə fikirlərini açıqlayan yeni Baş Nazir postkoronavirus dövründə onlayn dünyada rəqəmsallaşdırmanın əhəmiyyətindən danışıb.

Keçmiş Baş Nazir Şinzo Abenin daha çox tənqidə məruz qaldığı sakura çiçəklərindən zövq almaq məqsədilə təşkil etdiyi kütləvi tədbirlərə toxunan Y.Suqa, vergi ödəyicilərinin vəsaitinin sərf edildiyi belə tədbirləri ləğv edəcəyini də bildirib. Qeyd edib ki, yeni hökumət əvvəlki administrasiya tərəfindən tətbiq edilən və cəmiyyətin tənqidinə səbəb olan digər məsələlərə münasibəti də dəyişəcək.

Y.Suqanın yaxın həftələrdə parlamentin növbədənkənar sessiyasında proqram nitqi ilə çıxış edəcəyi gözlənilir.

Xatırladaq ki, sabiq Baş Nazir Şinzo Abe səhhətində yaranmış problemlərlə əlaqədar tutduğu vəzifədən istefa verib.
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed