Şrift:
Bakı və Ankaradan düşmənə yeni göz dağı
17.09.2020 [12:32] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Gəncə səmasında qırıcı təyyarələrin həyata keçirdiyi birgə uçuşlar düşmənə göz dağı, keçmişi yad etmək və Türkiyə ilə Azərbaycanın daim bir yerdə olması barədə gələcəyə verilən mesaj idi”

Son zamanlar göründüyü kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq sürətlə genişlənir. Bu yaxınlarda Ermənistanın Tovuz təxribatına cavab olaraq Azərbaycanda iki qardaş ölkə hərbçilərinin birgə hərbi təlimləri keçirildi. Bakının işğalçı bolşevik rejimindən azad olunması günü isə Gəncə səmasında Türkiyə və Azərbaycan qırıcıları birgə uçuş təşkil etdilər.

Azərbaycan və Türkiyə qırıcılarının Gəncə səmasında uçuşu Gəncəni vurmaqla hədələyən ermənilərə hansı mesaj verir?

Milli Dərçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyevin fikrincə, sözügedən birgə uçuş düşməni verilən və onu lərzəyə salan göz dağı idi: “Türkiyə və Azərbaycan qırıcılarının Gəncə səmasında uçuşu bir neçə baxımdan əhəmiyyətli məsələdir. Əvvəla, həmin uçuş Nuru Paşanın Bakının köməyinə gəlməsi və 1918-ci ilin sentyabrın 15-də paytaxtımızın azad edilməsi baxımından əhəmiyyət kəsb edir. Yəni həmin uçuş bir mənada bu prosesin qeyd olunması kimi dəyərləndirilir. Bu həm də bir mesajdır ki, Türkiyə daima Azərbaycanın yanındadır. Türkiyə cümhur başqanı Rəcəb Tayyib Ərdoğanın ifadə etdiyi kimi, tək Türkiyə Bakıdakı qardaşlara kömək etməyib, azərbaycanlılar da Çanaqqalada türk qardaşlarla birlikdə azadlıq uğrunda vuruşublar.
Bütün hallarda sözügedən uçuş Türkiyənin Azərbaycanın yanında olmasına bir mesajdır. Bu mənada da həmin hadisə ermənilərin guya Gəncəni vurmaq barədə hədələrinə tutarlı şəkildə veriən möhtəşəm bir cavab oldu. Düşmən tərəf Gəncəni vurmaq xülyasına düşərsə, bilməlidir ki, Azərbaycan qırıcıları bir neçə saata, hətta Naxçıvandan hərəkət etsək bir neçə dəqiqəyə İrəvanı yer üzündən silərlər. Yəni birgə uçuş onu göstərdi ki, Azərbaycanın maraqlarına toxunduqları halda bütün üsullarla düşmənin qarşısında dayanacağıq. Türkiyə hazırda ən modern, hədəfləri daha dəqiq vuran hərbi silahlarla təmin edilib. Bu istiqamətdə qardaş ölkə son illər xeyli dərəcədə irəli gedib. Bu mənada qardaş ölkənin bütün hərbi imkanlarının Azərbaycanın əmrində olduğu barədə verdikləri bəyanat düşmənə bir mesajdır. Gəncədəki birgə uçuş da göstərdi ki, Türkiyənin bütün vasitələri, o cümlədən hava qüvvələri də Azərbaycanın əmrindədir. İki qardaş dövlət bütün resurslardan ortaq istifadə edir.
Bu mənada Gəncə səmasında qırıcı təyyarələrin həyata keçirdiyi birgə uçuşlar düşmənə göz dağı, keçmişi yad etmək və Türkiyə ilə Azərbaycanın daim bir yerdə olması barədə gələcəyə verilən mesaj idi. Bu bütün dünyaya həm Azərbaycan, həm də Türkiyə baxımından verilən bir mesajdır. Ona görə də Gəncə səmasındakı görüntüləri tək sadə xoş bayram ovqatı kimi deyil, siyasi məna daşıyan bir hadisə kimi dəyərləndirirəm”.

R. SOLTANOV
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed