Şrift:
BP “Enerji perspektivlərinə baxış – 2020” hesabatını təqdim edib
18.09.2020 [11:17] - Gündəm, İqtisadiyyat
BP şirkəti 30 il ərzində dünyanın enerji bazarlarının necə inkişaf edəcəyinə dair analitik məlumatlarla dolu olan və qlobal enerji keçidi üçün mümkün istiqamətləri əks etdirən illik yol xəritəsini dərc edib.

“BP Azerbaijan” şirkətindən bildirilib ki, builki nəşrdə yenilik proqnoz məlumatların 2050-ci ilə qədər olan dövrü əhatə etməsidir. Bu müddət əvvəlki nəşrlərə nisbətən 10 il daha çoxdur.

Ümumi mənzərə: Bir sıra mümkün nəticələri araşdırmağa yardım etmək üçün 3 əsas ssenaridən (proqnozdan deyil) istifadə edilib:

• Operativ – bu ssenaridə direktiv tədbirlərin tətbiqi və karbon qiymətində əhəmiyyətli artım ehtimal edilib ki, bu da enerjidən istifadə nəticəsində yaranan karbon emissiyalarının 2018-ci ildəki səviyyələrə nisbətən təxminən 70 faiz azalması ilə nəticələnir.

• Xalis sıfır emissiya – bu ssenaridə yanaşmalarda əhəmiyyətli dəyişikliklər etməklə operativ ssenaridəki direktiv tədbirlərin gücləndirilməsi və nəticədə karbon emissiyalarında 95 faizdən çox azalmanın baş verməsi güman edilir.

• Fəaliyyətlərin normal qaydada davam etməsi (FNQDE) – burada siyasətlərin və üstünlük verilən prinsiplərin keçmişdə müşahidə edilmiş templərlə davam etməsi və emissiyaların 10 faiz azalması güman edilir.

Əsas məqamlar:

• Enerjiyə tələbatın artması, lakin neftə tələbatın düşməsi: Hər üç ssenaridə də təxminən növbəti 10-15 ildə dünyada enerjiyə tələbat artır (2050-ci ilədək FNQDE ssenarisində 25 faiz daha yüksəkdir), lakin neftə tələbat azalır – Xalis sıfır emissiya ssenarisində 80 faizə yaxın azalma.

• Külək və günəş enerjisinin payı artmaqla qlobal enerji sistemlərinin strukturunda fundamental dəyişikliyin baş verməsi: Bütün ssenarilərdə enerji balansının strukturu daha çox diversifikasiya olub. Karbohidrogenlərin payının azalması, bərpaolunan enerji mənbələrinin payının artması ilə müşayiət olunur. Bərpaolunan enerji mənbələri bütün ssenarilərdə ən sürətlə artan enerji mənbəyidir (külək və günəş enerjisi üstünlük təşkil etməklə).

• Dünyada elektrikləşmə prosesi davam edir: Son istehlakçıların elektrik enerjisindən istifadə miqdarı xalis sıfır emissiya ssenarisində artaraq 2018-ci ildə mövcud olan 20 faiz səviyyəsindən 50 faizdən yüksək səviyyəyə çatır.

“BP-nin “Enerji perspektivlərinə baxış” hesabatı enerji sahəsində dəyişən mənzərəni daha yaxşı başa düşməyimizə yardım edən əvəzsiz bir vasitədir və yeni strategiyamızın hazırlanmasında çox mühüm rol oynayıb. Hətta pandemiyanın qlobal miqyasda karbon emissiyalarını kəskin şəkildə azaltmasına baxmayaraq, dünya yenə də dayanıqlı olmayan istiqamətdə irəliləyir. Lakin, hesabatda verilmiş təhlil göstərir ki, qətiyyətli siyasi tədbirlər görməklə və həm şirkətlər, həm də istehlakçılar tərəfindən daha az karbon tutumlu seçimlər edilməklə, enerji keçidini yenə də reallaşdırmaq mümkündür”, - deyə BP qrupunun baş icraçı direktoru Bernard Luni bildirib.

“Bu hesabatda enerji sistemi daha az karbonlu dünyaya doğru keçid etdikcə rastlaşdığımız bir sıra qeyri-müəyyənlikləri daha yaxşı başa düşməyə yardım etmək üçün bu müxtəlif ssenarilərdən istifadə edilir. Bu qeyri-müəyyənliyə dair biliklərimizin artırılması rastlaşa biləcəyimiz bir sıra nəticələrə qarşı güclü və çevik bir strategiyanın hazırlanmasına əhəmiyyətli töhfə verir”, - deyə BP-nin baş iqtisadçısı Spenser Deyl qeyd edib.
Bu xəbər oxucular tərəfindən 47 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed