Şrift:
Çoxmərtəbəli binada lift quraşdırarkən yıxılıb ölən şəxslə bağlı cinayət işi məhkəməyə göndərilib
18.09.2020 [11:18] - Gündəm, Sosial
Qaradağ rayonunun Lökbatan qəsəbəsində “ŞA İnşaatçı” MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində lift şaxtasında quraşdırma işləri görən Abbas Sultanovun mayın 19-da lift çalovuna yıxılaraq xəsarət alması və aldığı xəsarətdən ölməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İstintaqla “ŞA-İnşaatçı” MTK ilə bağlanmış müqaviləyə əsasən tikilən həmin binalarda liftlərin tam quraşdırılması, tənzimlənməsi, işə buraxılması, təhvil verilməsi işlərinin görülməsini üzərinə götürmüş “Real Lift Quraşdırma” MMC-də briqadir-elektromexanik işləyən Üzeyir Qarayevin texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət olunması vəzifəsi həvalə edilmiş şəxs kimi tabeliyindəki işçiləri təhlükəsizlik texnikası qaydaları və əməyin mühafizəsi qaydaları üzrə təlimatlandırmalı, eləcə də bu təlimatların yerinə yetirilməsinə, mühafizə vasitələrindən istifadəsinə, həmin işçilərin işə davamiyyətinə, işlərin keyfiyyətlə görülməsi ardıcıllığına nəzarət etməli olsa da, həmin binanın lift kabinəsinin döşəməsinin təhlükəsizlik cihazları ilə təmin olunmasını, kənarlarının çəpərlənməsini, eləcə də yüksəklikdən yıxılmanın qarşısının alınması üçün işçilərin təhlükəsizlik kəmərindən və dəbilqədən istifadə olunmasını təmin etməyərək cinayətkarcasına etinasızlıq edib əməlinin (hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu, yəni, qabaqcadan görmək üçün real imkana malik olduğu halda onları görməməsi nəticəsində Abbas Sultanovun ehtiyatsızlıqdan ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyənləşdirilib.

Üzeyir Qarayev Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Bu xəbər oxucular tərəfindən 46 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed