Şrift:
“Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza istifadəçilərə təqdim edilib
21.09.2020 [11:13] - Xəbərlər, Mədəniyyət
2020-ci ilin mayında realist Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi tamam olub. Azərbaycan ədəbiyyatı və milli teatr tariximizdə özünəməxsus yeri və çəkisi olan Əbdürrəhim bəy Haqverdiyev görkəmli yazıçı-dramaturq olmaqla yanaşı, həm də bir rejissor, dirijor, mühərrir, tərcüməçi və ədəbiyyatşünas kimi də tanınır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 31 yanvar 2020-ci il tarixində ədəbiyyat tarixinə klassik hekayələri və faciə əsərləri ilə daxil olan Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə əlaqədar olaraq görkəmli ədibin 150 illik yubileyi münasibətilə “Əbdürrəhim bəy Haqverdiyev 150” adlı elektron baza hazırlayaraq istifadəçilərinə təqdim edib. Elektron baza kitabxananın rəsmi www.ryl.az saytında yerləşdirilib. Təqdim olunan elektron bazada Əbdürrəhim bəy Haqverdiyevin həyat və yaradıcılığı haqqında əhatəli məlumatlar verilir. Hazırlanan bazada ədibin həyat və yaradıcılığına, təhsil illərinə, ilk qələm təcrübələrinə, gizli imzalarına geniş yer verilib. İstifadəçilərə təqdim olunan elektor bazada görkəmli dramaturqun əsərləri, səsli kitabları, tərcümələri, onun haqqında yazılan dissertasiyalar, haqqında söylənilən dəyərli fikirlər yer alıb. Bundan əlavə elektron bazada dramaturq haqqında yazılan əsərlər, dövrü mətbuat nümunələrinin siyahıları da verilib. Görkəmli yazıçı-dramaturq Ə.Haqverdiyev haqqında hazırlanan bu bazada istifadəçilər hətta, dramaturqun səhnələşdirilmiş əsərlərinin afişaları, ədibin fotoqalereyası və onun haqqında çəkilən videomateriallar ilə də tanış ola bilərlər.

Sözügedən elektron baza ilə http://ryl.az/haqverdiyev_el_melumat_bazasi/index.html linki vasitəsilə tanış ola bilərsiniz.
Bu xəbər oxucular tərəfindən 200 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed