Şrift:
Fransa Prezidenti Tovuz təxribatı ilə bağlı müraciəti cavablandırıb
21.09.2020 [11:30] - Xəbərlər, Siyasət
Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi təxribatla bağlı Fransa Prezidentinə müraciət ünvanlamışdı. ADFA-nın müraciətinə Fransa Prezidenti və Xarici İşlər naziri səviyyəsində yazılı cavab verilib. Bu cavab Fransa azərbaycanlılarının səsinin eşidilməsi, eləcə də Assosiasiyamızın ölkə rəhbərliyi səviyyəsində tanınmasıdır.

Bu fikirləri “Hermine” və “Avropa Təhsil İnnovasiyalar Mərkəzi” şirkətlərinin prezidenti və ADFA-nın vitse-prezidenti Loran Pultye dü Mesnil müsahibəsində səsləndirib.

O bildirib ki, ADFA Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə törədilən təxribatla bağlı Fransa Prezidentinə məktubla müraciət etmişdi. Fransa ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Ona görə də baş verən hadisələrlə bağlı mövqeyini açıqlamalıdır. Fransa Prezidenti, eləcə də Xarici İşlər naziri ADFA-nın məktubuna cavab veriblər.

“Məqsədimiz Azərbaycan xalqının səsini Fransada eşitdirməkdir. Bunun üçün Assosiasiyamız Azərbaycan mədəniyyətinə dair tədbirlər təşkil etməkdə davam edəcək. Gələcəkdə Fransada fəaliyyət göstərən bütün assosiasiyaları bir araya gətirmək, Fransa Azərbaycanlıları Koordinasiya Şurasını bu ölkədə qeydiyyatdan keçirmək və onun vasitəsilə Azərbaycanın reallıqlarını, tarixini, mədəniyyətini və səsini fransızlara, eləcə də beynəlxalq ictimaiyyətə çatdırmaqdır.

Əminəm ki, bu istiqamətdə tezliklə müsbət nəticələr əldə edəcəyik. Fransada artıq bir çox diasporların koordinasiya şuraları fəaliyyət göstərir. Fransa azərbaycanlıları diasporunun da belə bir şuraya ehtiyacı var”, - deyə L.P.dü Mesnil diqqətə çatdırıb.

Son günlər sosial şəbəkələr vasitəsilə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda baş verən hadisələrə, Ermənistanın məskunlaşdırma siyasətinə münasibət bildirən Loran Pultye dü Mesnil deyib: “Ermənistan Azərbaycan torpaqlarını qeyri-qanuni işğal edib. Bundan əlavə, Ermənistan sosial vəziyyəti çətin olan Suriya, Livan kimi ölkələrdə çıxış yolu axtaran erməni mənşəli ailələri işğal etdiyi Dağlıq Qarabağa yerləşdirir. Ermənistan sadə insanların taleyi ilə oynayır, onları daha da acınacaqlı vəziyyətə yuvarlayır.

Məskunlaşdırma siyasəti ilə Ermənistan üzləşdiyi problemləri də açıb tökür. Belə ki, Ermənistan öz ərazisində, eləcə də işğal etdiyi Azərbaycan torpaqlarında ermənilərin çıxıb getdiyini, bu ərazilərin boşaldığını dolayı yolla təsdiqləyir.

Ermənistanın apardığı məskunlaşdırma siyasəti böyük qalmaqaldır. Ermənistan hökuməti öz xalqı tərəfindən sevilmir. Hökumət məskunlaşdırma fəaliyyəti ilə diqqəti daxili problemlərdən yayındırır. Erməni xalqı öz hökumətinin qurbanına çevrilib”.
Bu xəbər oxucular tərəfindən 206 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed