Şrift:
İranlı nazir Azərbaycanın Təkab şəhərini Kürdüstan adlandırıb
21.09.2020 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Şəhərsalma və Yol naziri Məhəmməd İslami Azərbaycanın Tikantəpə (Təkab) bölgəsini Kürdüstan adlandırıb.



İsfahanlı nazir Səhiyyə, eləcə də Şəhərsalma və Yol nazirliklərinin hazırladığı layihələrin açılış mərasimində çıxış edərkən Tikantəpəni Kürdüstan şəhərlərindən biri kimi təqdim edib. Video konfrans şəkilində keçirilən mərasimdə Həsən Ruhani də iştirak edib.

Qeyd edək ki, keçən həftə İranın səhiyyə nazirliyi rəsmiləri də Azərbaycan adını təhrif olunmuş şəkildə təqdim edərək “Şərqi Azər” sözündən istifadə ediblər.



Daha əvvəl də İranın səhiyyə naziri Səid Nəməki İran Dövlət Televiziyasında koronavirusla bağlı çıxış edərkən Şərqi və Qərbi Azərbaycan əyalətlərinin adını təhrif edərək Mahabad və “Şərqi Azər” sözlərindən istifadə etmişdi. Bu məsələ güney azərbaycanlıların geniş etirazına səbəb olmuşdu.



Azərbaycanın adı dəfələrlə İranın yüksək rütbəli rəsmiləri, eləcə də rəsmi mətbuat orqanları, o cümlədən İran Teleradio Şirkəti tərəfindən təhrif edilib.



İranda fəaliyyət göstərən anti-Azərbaycan media orqanları, eləcə də bəzi rəsmilər dəfələrlə Azərbaycan Respublikasının adını da təhrif edərək “Bakı Respublikası” kimi təqdim ediblər.



Qeyd edək ki, Tikantəpə islam inqilabından öncəki illərdə Marağa şəhərinə bağlı olub. Onun adı Pəhləvi rejimi dövründə dəyişdirilərək Təkab edilib.



Kürdlərin böyük əksəriyyəti Tikantəpə və Qərbi Azərbaycan əyalətinin digər şəhərlərinə islam inqilabından sonra köçüb. Hazırda kürdlərin ən çox yaşadığı şəhərlərdə belə coğrafi adlar türk dilindədir. Bu isə digər tarixi sənədlərlə yanaşı məntəqənin kimə aid olduğunu sübuta yetirir. Lakin radikal kürd cərəyanları və onların rəsmi orqanlarda olan uzantıları “PKK” və “Pejak” kimi terror qruplaşmalarının göstərişi əsasında Azərbaycanın əzəli torpaqlarına göz tikib, məntəqəni kürdləşdirmək üçün hətta terror aktları törətməkdən belə çəkinmirlər.
Bu xəbər oxucular tərəfindən 136 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed