Şrift:
Şirvanlı hamamı yerli və xarici turistlərin ən çox ziyarət etdiyi tarixi abidələrdəndir
22.09.2020 [10:57] - Xəbərlər, Mədəniyyət
Təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış məskənlərindən və mədəniyyət mərkəzlərindən olan Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Bərdə şəhərindəki və rayon ərazisindəki tarixi abidələrin bir çoxu bu günədək qorunub saxlanılıb. VI əsrə aid köhnə şəhər divarlarının qalıqları, Tərtər çayı üzərində VII-IX əsrlərə aid iki körpü, 1322-ci ildə tikilmiş Bərdə türbəsi, XIV əsrə aid Axsadan baba türbəsi, VIII-IX əsrə aid İbrahim məscidi (İmamzadə) və qəbiristanlıq, XVIII-XIX əsrlərə aid Şirvanlı hamamı, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə maddi-mədəni irsimizin qiymətli nümunələri sırasındadır.

Şirvanlı kəndindəki hamam nəinki Bərdə rayonunun, eləcə də Qarabağ bölgəsinin nadir tarixi abidələrindəndir. Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bərdə rayonu üzrə abidə mühafizəçisi Lalə Məmmədova bildirib ki, Şirvanlı hamamı XVIII-XIX əsrlərdə Seyid Heydər tərəfindən inşa olunub. İki böyük zaldan və kiçik hücrələrdən ibarət Şirvanlı hamamına nəinki kənd əhalisi, eyni zamanda, ətraf yerlərdən də gəliblər. Hamamdan həftənin tək günləri kişilər, cüt günləri isə qadınlar istifadə edib. Binaya ön və arxa hissədən iki girişin qoyulması da bununla əlaqədardır.

Hamam XX əsrin 70-ci illərinə kimi fəaliyyət göstərib. Tikintisində keyfiyyətli inşaat materiallarından istifadə edilməsi tarixi abidənin bu günə qədər gəlib çatmasına imkan verib. Abidə mühafizəçiləri vaxtaşırı olaraq rayon ərazisindəki tarix və mədəniyyət abidələrinə, o cümlədən Şirvanlı hamamına baxış keçirir, təmizlik işləri aparırlar.

Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov isə bildirib ki, 3000 illik tarixinin 500 ilində paytaxt statusuna malik olan Bərdənin ərazisindəki tarixi abidələr yerli və xarici turistlərin böyük marağına səbəb olur. Şirvanlı kəndində yerləşən XVIII-XIX əsrlərə aid hamam da turistlərin ən çox ziyarət etdiyi məkanlardandır. Şirvanlı hamamı həm mədəni irsimiz, həm də turizm potensiallı abidə kimi dövlət tərəfindən qorunur.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed