Şrift:
Fərəc Quliyevin 50 partiyanın birgə video konfransındakı ÇIXIŞI
05.10.2020 [18:49] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin 03 oktyabr 2020-ci il tarixdə 50 partiyanın birgə video konfransındakı çıxışı.

Hörmətli konfrans iştirakçıları, mən də hamını salamlayıram . Bu çox mühüm və məsuliyyətli günlərdə hörmətli Ədalət müəllimin belə bir konfransı təşkil etməsi çox əhəmiyyətli hadisədir. Sahədə alacağımız nəticələrin, bugün necə toplanmağımızla, masada alacağımız nəticələrlə , bağlılığı vardır. Həm bu sahədə, həm ümumiyyətlə bütün siyasi sahələrdə Ədalət müəllimin rəhbərliyi ilə son zamanlar keçirilmiş tədbirlər, atılan addımlar çox ciddi səmərə verir. Hesab edirəm ki, bəlkədə bugün toplanmış partiyalar gələcəkdə daimi çalışan bir məşvərət məclisinə belə çevrilə bilər. Bu da səmərəli nəticə verər. Müharibə ilə bağlı xususi olaraq bildirim ki, ölkə prezidentinin çox qətiyyətli addımları, həm də çox doğru düzgün zamanlanması qeyd olunmalıdır. Bu iradə milli iradədir və sosial sifarişdir. Bütün partiyaların bu məsələdə sərgilədiyi davranış da təbiidir, təəccüblü görünə bilməz. Biz 30 ildir bu günləri gözləyirik . Yenə də bəyan edirik ki, bütün imkanlarımızla dövlətimizin, Ali Baş Komandanımızın yanındayıq. Əlbəttə ki, indiki zamanda bizə qarşı olanlar da olacaq, bizim haqlı mövqelərimizi müdafiə edənlər də. Buna hazır olmaq lazımdır. Mənim dünən dörd ölkənin səfirliyi ilə görüşlərim oldu və onlara dövlətlərinin sərgilədiyi dəstək və ədalətli mövqeyə görə təşəkkürnamə və etimadnamə təqdim elədim. Ola bilər bu o qədər böyük bir hadisə deyil, amma hər halda onlar hiss elədilər ki, bizim dövlətə münasibətdə, ədalətli davranış da, ədalətsiz davranış da Azərbaycan cəmiyyətinin müxtəlif seqmentlərdən adekvat münasibətlə qarşılanır. Türkiyə, Pakistan, Ukranya, Gürcüstan səfirliklərinə münasibətdə dediyim bir münasibəti sərgilədim. Çağırış edirəm ki, bəlkə digər partiyalar da ölkəmizin yanında olan, dəstək verən dövlətlərin səfirlərinə, birgə bəyanatlarla, məktublarla müraciət edə bilərlər. Ölkəmizə qarşı olanlara da yenə də birgə müraciət edə bilərik ki, onlar görsünlər ki, aparılan siyasət ölkəmizdə müxalifət partiyaları tərəfindən izlənilir və adekvat da qiymətləndirilir.
BMT ilə bağlı çıxışçılar tərəfindən fikirlər səsləndirildi. Nəinki BMT-nin qınaqları gözlənilməlidi, əksinə biz BMT-yə müraciət etməliyik ki, artıq onların qətnamələrini Azərrbaycan tərəfi icra edir və Azərbaycanın atdığı addımları da BMT-nin dəstəkləməsi lazımdı. Faktiki olaraq BMT-nin 4 qətnaməsinin Azərbaycan tərəfindən həyata keçirilməsi üçün ciddi addımlar atılırsa, BMT Azərbaycana hər mənada dəstək olmalıdır. Terrorçulardan təmizlənmiş ərazilərimizdə minalardan təmizlənmə ilə bağlı missiyalar hazırlamalıdı, bərpa üçün vəsait ayırmalıdı və s. Mən düşünürəm ki, bununla bağlı BMT-yə müəyyən müraciətlər olunmalıdır.
Azərbaycan parlamentində dünən ATƏT-in Minsk qrupu ilə bağlı fikirlər səsləndi. Düşünürəm ki, ATƏT-in Minsk qrupunda dəyişiklikdən daha çox, artıq onların kənarda qalması və BMT formatında danışıqların aparılması vacib məsələlərdən biridir. Zamanımız az olduğu üçün mən bəzi məsələlərə toxunmuram. Amma istəyirəm bildirəm ki, reinteqrasiya haqqında qanunun da qəbulu vacibdir. Mən bunu parlamentdə də qaldırmışdım. Çünki həm müharibənin gedişində, həm də müharibədən sonra ermənilər məğlubiyyət sənədinə imza qoyanda bu reinteqrasiya haqqında qanundakı müəyyən müddəalar lazım olacaqdır. Ona görə mən bunu da təklif olaraq səsləndirirəm. Bir daha hörmətli Ədalət müəllim, sizə təşəkkür edirəm ki, siyasi partiyaların əllərindən gələn imkanları sərgiləməsi, fikir mübadiləsi üçün şərait yaratmısınız. Mən bir daha Ali Baş Komandana qətiyyətli, çox doğru zamanlama ilə atdığı addımlara görə təşəkkür edirəm. Azərbaycan xalqına, Azərbaycan Ordusuna uğurlar arzu edirəm.
Təşəkkür edirəm.

MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed