Şrift:
Gürcüstanın 60-a yaxın QHT-si beynəlxalq təşkilatlara müraciət edib
07.10.2020 [10:21] - Gündəm, Borçalı
Gürcüstanda yaşayan azərbaycanlıların təmsil olunduqları 60-a yaxın qeyri-hökumət təşkilatı (QHT) bu ölkənin rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb.

Bu barədə sənəd oktyabrın 6-da Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) imzalanıb.

GAİM-in icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan nümayəndəliyinin rəhbəri Rafiq Hümbət sentyabrın 27-dən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi təxribatlar, mülki insanlar və obyektləri raket və top mərmiləri ilə qəsdən atəşə tutması, beynəlxalq humanitar hüququ kobudcasına pozması barədə ətraflı məlumat verib.

Bildirib ki, müraciət Azərbaycana dəstək məqsədi daşıyır.

Müraciətdə deyilir ki, soydaşlarımız Gürcüstan dövlətini, beynəlxalq təşkilatları Ermənistana işğalçı siyasətini dayandırması və işğal edilmiş Azərbaycan ərazilərini dərhal azad etməsi üçün təsir göstərməyə, Ermənistan hökumətinin beynəlxalq hüquq və normalara riayət etməsini təmin etməyə çağırıb.

Qeyd olunur ki, Gürcüstanın azərbaycanlı vətəndaşları tarixin bütün dönəmlərində Gürcüstan dövlətinə və gürcü xalqına öz sədaqətini nümayiş etdirib, dövlətçiliyin inkişafında, ərazi bütövlüyü uğrunda apardığı mübarizələrdə yaxından iştirak ediblər.

Sənəddə deyilir: “Azərbaycan ilə Gürcüstan yaxın qonşu və dost olmaqla bərabər, həm də strateji tərəfdaşdırlar. Hər iki ölkənin ərazilərinin 20 faizi işğal altındadır və ərazi bütövlünü bərpa etmək onların ən təbii haqqıdır. Azərbaycan Respublikası hər zaman beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyünə, Ermənistandan fərqli olaraq tam dəstək nümayiş etdirib, ölkəmizin ayrılmaz hissəsi olan Abxaziya və Samaçablonun işğaldan azad olunması yolunda Gürcüstanın atdığı bütün addımları dəstəkləyib və bu siyasət hazırda davam edir”.

Müraciətdə vurğulanıb ki, Dağlıq Qarabağın qondarma erməni rejimi dəfələrlə Gürcüstanın işğal altında olan bölgələrindəki separatçı rejimlərlə işbirliyinə girib, Gürcüstanın ərazi bütövlüyünə açıq-aşkar etinasızlıq və hörmətsizlik nümayiş etdirib.

“Əlbəttə, bizlər Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi uğrunda apardığı əməliyyatların heç bir halda həm azərbaycanlı, həm də erməni icmasının yaşadığı Gürcüstana mənfi təsirlər göstərməməsi üçün əlimizdən gələni edirik və edəcəyik. Bununla belə, sizdən Azərbaycanın haqlı mövqeyini dəstəkləmənizi və məsələ barədə obyektiv münasibət bildirmənizi xahiş edirik”, – deyə müraciətdə vurğulanır.

Gürcü, rus və ingilis dillərində olan müraciət Gürcüstan Prezidenti, Baş Naziri, Xarici İşlər Nazirliyi ilə yanaşı, BMT, ATƏT, Avropa İttifaqı və digər nüfuzlu beynəlxalq təşkilatların bu ölkədəki nümayəndəliklərinə də təqdim olunacaq.
Bu xəbər oxucular tərəfindən 8866 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed