Şrift:
“İrəvanın xristian dünyası üçün heç bir əhəmiyyəti yoxdur”- partiya sədri
07.10.2020 [11:30] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Müharibə Ermənistanın nə xristian, nə siyasi aləmdə heç bir çəkisinin olmadığını göstərdi”

Ermənistanın terrorçu hərbi-siyasi rəhbərliyi Qarabağ savaşında məğlubiyyətlərinin təsirindən reallıq hisslərini tamamilə itirməkdədir. Ermənistanın məzlum obrazını təqdim eləmək və özünə dəstək qazanmaq üçün son 10 gündə hər cür avantüraya, təxribata gedən Nikol Paşinyan, yayılan informasiyalara görə, İrəvanın öz əsgərləri tərəfindən vurulmasını istəyir. Yayılan xəbərlərdə deyilir ki, Paşinyan bu avantüra ilə dünyanı üzərimizə qaldıracağını zənn edir.

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirdi ki, Ermənistanın siyasəti bu müharibədə bütün müstəvilərdə fiaskoya uğrayıb:

“Paşinyan istədi bu savaşı xristian-müsəlman müharibəsi müstəvisində dünyaya təqdim etsin, alınmadı. Müsəlman ölkəsi olmayan bir sıra dövlətlər də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqlı mövqedə olduğunu və işğalda olan torpaqların azad olunması üçün addımlarının qanuni olduğunu bəyan etdilər. Beləliklə, Ermənistanın hərbi-siyasi rəhbərliyinin istəyi baş tutmadı. Bundan sonra çalışdı ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu savaşa təhrik eləsin, bu da alınmadı. Bu təşkilatın üzvlərinin əksəriyyəti ilə Azərbaycanın ikitərəfli sıx dostluq münasibətləri var. Həm bu münasibətlər, həm həmin ölkələrin Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini dəqiq bilmələri Ermənistan rəhbərliyinin KTMT-ni vəziyyətə müdaxilə etmək planını fiaskoya uğratdı. Sonra işğalçı Ermənistan rəhbərliyi Rusiyanın ayrıca olaraq bu müharibəyə müdaxilə etməsi üçün addımlar atdı. Hətta buna nail olmaq üçün Ermənistan rəhbərliyi öz təyyarələrinin dağa çırpılmasını təşkil etdi və başladılar hay-küy salmağa ki, guya bu təyyarələri Türkiyədən gələn F16 qırıcıları vurub. Ermənistanın bu avantürasına Rusiya inanmadı və Moskva çox ağıllı, düzgün davranış sərgilədi. Beləliklə, Ermənistan hakimiyyətinin bu planı da uğursuzluğa düçar oldu.

Nikol Paşinyan başda olmaqla, Ermənistanın terrorist hərbi-siyasi rəhbərliyinin hərəkətlərini izlədikdə və təhlil etdikdə bu nəticəyə gəlmək olar ki, onlar hətta özləri İrəvanın öz orduları tərəfindən vurulması kimi avantüraya belə gedə bilərlər. Bəlkə bu ehtimal bəzilərinə qəribə gələ bilər. Amma sizin sualınızda qoyulan bu ehtimalı bölüşürəm. Çünki başını itirmiş, nə etdiyini bilməyən Ermənistan hərbi-siyasi rəhbərliyindən belə bir hərəkət də mümkündür".

Həmsöhbətimiz xatırlatdı ki, Ermənistana həmişə rəhbərlik edənlərdə bu tipli xəstə təfəkkür olub: “Bir neçə ilə əvvəl Ermənistanın keçmiş baş naziri bildirmişdi ki, Ermənistandakı Metsamor AES-i biz lazım gəlsə, atom silahı kimi istifadə edə bilərik. Siz təsəvvür edirsinizmi bu terrorçular öz ərazilərindəki atom elektrik stansiyasını partlatmaqla Azərbaycana zərər vurmağı belə dilə gətiriblər və düşünmürlər ki, bu addımı atsalar cəmi 40 kilometr aralıda olan İrəvanın özü bu zaman yox olacaq. Dediyim odur ki, bu terrorçu zehniyyətə malik insanlar hətta öz çirkin maraqları üçün öz paytaxtlarına, öz əhalilərinə belə, zərbə endirməkdən çəkinməzlər. Bu cür ağılsız dövlət rəhbərləri zaman-zaman dünyada olublar və onlar sonda ən böyük fəlakəti öz xalqlarına gətiriblər. İndi Ermənistanın başında dayanan şəxslər də bu yolu tutublar, öz xalqlarını böyük bir fəlakətlə üz-üzə qoyublar.

Paşinyan bilir ki, xalq ayağa qalxıb onu hakimiyyətdən qovacaq və bəlkə də ayağından asacaqlar. O, həm də bunu bildiyindən Ermənistanın daha çox dağıntıya məruz qalması, hətta yer üzündən silinməsini də istəyə bilər. Bu adam anormal təsiri bağışlayır".

F.Quliyev qeyd etdi ki, Paşinyan və onun ətrafının bütün çabaları, avantürist hərəkətləri indiyə qədər boşa çıxdığı kimi bundan sonra da boşa çıxacaq. Hətta İrəvanı özləri vursalar belə, dünya onların təbliğatına inanmayacaq və özləri ifşa olunacaqlar.

Partiya sədri vurğuladı ki, 10 günlük müharibə Ermənistanın nə xristian, nə siyasi aləmdə heç bir çəkisinin olmadığını göstərdi: “Bunlar diasporası çox güclü olduğuna güvənirdilər. Lakin artıq bəlli olur ki, onların diasporalarının da yalanlarına inanan yoxdur. Eyni zamanda Azərbaycan diasporu artıq güclənib və təmsil olunduqları ölkələrdə reallığın nədən ibarət olduğunu çatdıra bilir. Bu müharibə Ermənistanın və onun paytaxtı İrəvanın nə xristian aləmində, nə də islam dünyasında ciddiyə alınmadığını, çəkisinin olmadığını ortaya çıxarıb. Ermənistan artıq diplomatik sahədə də məğlubiyyətini qəbul edir”.

Etibar SEYİDAĞA/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 451 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed