Şrift:
Gürcüstanda tanınmış politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
09.10.2020 [11:15] - Gündəm, Borçalı
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün Azərbaycan Ordusunun öz torpaqlarını işğaldan azad etməsi Azərbaycan xalqının haqq işidir.

Bu fikirlər Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada səslənib.

“Dağlıq Qarabağ münaqişəsinə Tbilisidən baxış” adlı tədbirdə Azərbaycanın bu ölkədəki səfirliyinin məsul əməkdaşı, Gürcüstanın tanınmış siyasətçiləri, tarixçi alimlər və jurnalistlər iştirak ediblər.

Muzeyin direktoru Leyla Əliyeva tədbiri açdıqdan sonra politoloq Simon Kopadze Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumat verib, ermənilərin təkcə Azərbaycan torpaqlarını deyil, Gürcüstan ərazilərini də işğal etdiklərini diqqətə çatdırıb.

Sonra səfirliyin müşaviri Eldar Bayramov Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, torpaqlarımızı işğal etmələri və bu gün cəbhədə baş verən proseslər barədə ətraflı məlumat verib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatlarının nəticələri, dalana dirənən Ermənistan silahlı qüvvələrinin ölkəmizin şəhər və kəndlərini, dinc əhalini raket və top atəşinə tutması barədə məlumatları diqqətə çatdırıb.

Sonra jurnalist, “Qruziya Online” portalının rəhbəri Qoça Qvariami, Statistika üzrə Müstəqil Ekspertlər Şurasının üzvü, sabiq prezident E.Şevardnadzenin müşaviri işləmiş Qela Kvaçantiradze, politoloq, tarixçi alim Quran Marxuliya, politoloq Tengiz Pxaladze və başqaları çıxış edərək məsələyə münasibət bildiriblər. Qeyd olunub ki, regionda cərəyan edən gərgin proseslərə, xüsusən də 30 ildir davam edən münaqişəyə, ilk növbədə, Ermənistan səbəb olub. Cənubi Qafqazda sabitliyi, Azərbaycan və Gürcüstanın inkişafını istəməyən dövlətlər Ermənistan vasitəsilə sabitliyi pozur, yeni münaqişə ocaqları yaratmağa çalışırlar. Təcavüzkar, terroru dövlət səviyyəsində dəstəkləyən Ermənistan onların əlində oyuncaq vasitədir.

Ermənistanın hazırkı rəhbərliyi də ölkə daxilində yaranmış gərginliyi, əhalinin ağır sosial-iqtisadi vəziyyətini gizlətmək üçün münaqişəni yenidən alovlandırır və çıxış yolunu yalnız bunda görür. Bu isə nəinki Ermənistan dövlətinin süqutuna, erməni xalqının məhvinə gətirib çıxaracaq.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etməsi regionun inkişafına təkan verəcək.
Bu xəbər oxucular tərəfindən 334 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed