Şrift:
Əməkdar mədəniyyət işçisi: Mədəni irsimizə qarşı erməni vandalizmi davam edir
14.10.2020 [10:01] - Gündəm, Sosial
Dövlət siyasətimizin əsas istiqamətlərindən olan mədəni inkişaf siyasəti, milli-mənəvi dəyərlərin təbliği, tarixi-mədəni zənginliyin qorunmasıdır. Azərbaycanımızın, Qarabağın mədəni irsinin qorunub saxlanması mənəvi borcumuzdur.

Bu sözləri müsahibəsində Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva deyib.

30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yürütdüyünü bildirən Ə.Tağıyeva BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dörd qətnamə qəbul etdiyini vurğulayın: “Buna baxmayaraq Ermənistan bu qətnamələrə əməl etmir və 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasını kobud şəkildə pozur”.

Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində mədəni irsin məhv edilməsinə və saxtalaşdırılmasına yönələn, beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən əməllər törətdiyini vurğulayan Ə.Tağıyeva, mənfur düşmənlərimiz tərəfindən tarix və mədəniyyət abidələrimizin dağıdılaraq izlərinin silindiyini və saxtalaşdırıldığını, onları erməni abidələri kimi təqdim etdiyini diqqətə çatdırıb.

O deyib: “İşğal olunmuş ərazilərdə yerləşən yüzlərlə mədəniyyət müəssisəsi, yüz mindən çox əsər, 23 muzeyə məxsus 86307 eksponat, 4 rəsm qalereyasına məxsus 371 rəsm əsəri, 927 kitabxanaya məxsus 4,6 milyon kitab, 13 arxivə məxsus 260 000 sənəd, 4 teatr, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, 700-dən çox tarixi və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri (VII-XII əsrlər), Kəlbəcərdə Gəncəsar və Xudavənd məbədləri (XIII əsr), dünyanın ən qədim yaşayış yerlərindən olan Füzulidəki Azıx mağarası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib. Ermənilər tərəfindən məqsədli şəkildə onlarla Kurqanın, insan məskənlərinin, qəbiristanlığın, inanc yerlərinin, müsəlman dini abidələrinin və digər arxeoloji abidələrin tamamilə məhv edilməsi Azərbaycan tarixinə və mədəniyyətinə ciddi zərbə vurub”.

UNESCO-nun mədəniyyət abidələrinə vurulan ziyanın qarşısının alınmasını təmin etmək üçün hər iki tərəfin, xüsusən də “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası və onun Əlavə (1954 və 1999) protokollarına, 1972-ci il Ümumdünya İrs Konvensiyası və bir çox digər müqavilələrə əsasən, beynəlxalq humanitar hüquqla bağlı götürülən öhdəliklərin mövcud olduğunu söyləyən Əməkdar mədəniyyət işçisi, Ermənistan tərəfinin bu cür müqavilələrə məhəl qoymayaraq işğal altında və işğaldan kənar şəhərlərdə olan abidələrimizi məhv etməkdə davam etdiyini bildirib.

Ə.Tağıyeva daha sonra deyib: “Mədəni irs nümunələrimizin məhvi və təhqir edilməsi yalnız Azərbaycan xalqına deyil, eyni zamanda bütün insanlığa qarşı törədilən vəhşilikdir. Bu vəhşiliyə son qoyulacaq. Ali Baş Komandanımızın rəhbərliyi altında torpaqlarımız işğaldan azad edilir. Suqovuşan kəndi ərazisində XII-XII əsrlərə aid Tərtər çayı üzərində inşa edilən birtağlı qədim körpü də işğaldan azad olunub. Dövlətimizin başçısı xalqına müraciət edərək bildirdi ki, ”Biz öz torpaqlarımızı istəyirik. Çıxın gedin bizim torpaqlardan, rədd olun bizim torpağımızdan. Gedin öz ölkənizdə yaşayın. Amma, biz torpağımızı geri alacağıq. Rəşadətli ordumuz bu tarixi ədalətsizliyə son qoymaq üçün qarşı tərəfin təxribatlarına uğurlu əks-hücum əməliyyatları ilə cavab verir. Azərbaycanın, Qarabağın salnaməsinə yeni tarix yazılır...”
Bu xəbər oxucular tərəfindən 119 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed