Şrift:
Cəbhə kəndində sakinlərin əhval-ruhiyyəsi yüksəkdir
14.10.2020 [15:32] - Xəbərlər, Sosial
Ermənistan silahlı qüvvələri səhər saatlarından başlayaraq Ağdam rayonunun cəbhəyanı kəndlərini növbəti dəfə artilleriya atəşinə tutub. Mərmilərin düşməsi nəticəsində bir neçə evə və yardımçı binaya ziyan dəyib, vətəndaşlara məxsus ev heyvanları tələf olub

Cəbhə bölgəsinə ezam olunmuş müxbiri təmas xəttinə yaxın məsafədə yerləşən Qaradağlı kəndində gedərək, erməni vəhşiliklərini lentə alıb, sakinlərlə söhbət edib.

Düşmənin artilleriya atəşi nəticəsində kənd sakini Ərşad Qurbanovun evinə ziyan dəyib, yardımçı tikilisi dağılıb. Ə.Qurbanov bildirib ki, səhər kənd artilleriya atəşinə tutulan zaman evdə olmayıb: "Bir az əvvəl evə gəlmişəm. Gördüm ki, evim dağılıb. Amma təəssüflənmirəm, hər şey düzələcək, yaxşı olacaq. Təki torpaqlarımız azad olunsun. Ordumuzun cəbhədəki uğurlarına sevinirik. İnşallah qələbə bizim olacaq".

Evin sahibəsi Qənirə Qurbanova isə deyib: "Görürsünüz, mərminin düşməsi nəticəsində evimiz nə hala düşüb. Lakin buranı tərk etmirik. Hazırda evdə səliqə-sahman işləri aparıram. Düşmən bilsin ki, kəndlərə atəş açmaqla bizi qorxuda bilməz. Tezliklə ordumuz onları torpaqlarımızdan qovub çıxaracaq".

Qarabağ müharibəsi veteranı Yusif İbrahimov erməni faşistlərinə qarşı savaşmağa hazır olduğunu deyib: "Ordumuzla, Prezidentimizlə qürur duyuram. Ordumuz düşmənə sarsıdıcı zərbələr vurur, işğalda olan ərazilərimizi azad edir. Keçmiş döyüşçü kimi mən də erməni faşistlərinə qarşı döyüşməyə hazıram. Təki qələbə qazanaq, torpaqlarımız işğaldan azad olsun".

Düşmən hərbçilərinin atdığı mərmilərdən biri də kənd sakini İsa Bayramovun həyətinə düşüb. Həmin vaxt həyətdə olan İsa xoşbəxtlikdən sağ qalıb: "Həyətdə mal-qaraya ot verirdim. Atılan mərmilərdən biri həyətə düşdü. Həmin vaxt yerə yıxıldım. Bir qoyunum və toyuq-cücə tələf oldu, qəlpə avtomobilimi deşib, evin şüşələri qırılıb. Partlayışın təsirindən qulağım yaxşı eşitmir. Buna baxmayaraq, müharibə veteranı kimi hər an Ali Baş Komandanın rəhbərliyi ilə döyüşlərdə iştirak etməyə hazıram".

Qeyd edək ki, Ermənistan hərbçilərinin sentyabrın 27-dən başlayan artilleriya atəşləri nəticəsində ilkin məlumata görə Ağdam rayonunun yaşayış məntəqələrində 52 ev tamamilə dağılıb, 400-ə yaxın evə, 78 yardımçı tikiliyə, 16 sosial, 2 istehsal, 1 su təchizatı, 16 ticarət, 5 ictimai iaşə obyektinə, 4 inzibati binaya ziyan dəyib. Buna baxmayaraq, Ağdam rayonunun yaşayış məntəqələrində həyat öz axarı ilə davam edir. Sakinlər Azərbaycan Ordusuna güvənərək öz doğma kəndlərini tərk etmir, gündəlik işləri ilə məşğul olurlar.
Bu xəbər oxucular tərəfindən 131 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed