Şrift:
Prezident İlham Əliyev: Biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq
15.10.2020 [10:48] - Xəbərlər, Hərb
Atəşkəs elan olunandan bəri Azərbaycan tərəfindən bütün artilleriya atəşi dayandırılıb. İkincisi, biz işğal olunmuş ərazilərdə istənilən şəhərdə və ya kənddə qəsdən mülki şəxsləri heç vaxt atəşə tutmuruq. Bizim hədəflərimiz yalnız hərbi qurğular idi. Bizim hərbi hədəflərimiz çox diqqətlə müəyyən olunub. Odur ki, biz yalnız insanlarımızın və əsgərlərimizin həyatına təhlükə olan hədəfləri vururuq.

Prezident İlham Əliyev bu sözləri “France 24” televiziya kanalına müsahibəsində atəşkəsin Ermənistan tərəfindən pozulması barədə danışarkən söyləyib.

Dövlətimizin başçısı daha sonra deyib: “Lakin əfsuslar olsun ki, ermənilər insanların yaşadığı şəhər yerlərində hərbi qurğuları yerləşdirmək taktikasından istifadə edirlər, biz də özümüzü müdafiə etməli idik. Lakin atəşkəs müəyyən olunandan bəri biz ona sadiq idik, ancaq Ermənistan atəşkəsi pozdu, odur ki, biz cavab verməli idik”.

Prezident İlham Əliyev qeyd edib ki, biz hərbi hədəflərə zərbələr endirmişik və bunu təkzib etmirik. “Lakin bu təbiidir, çünki biz özümüzü müdafiə etməli idik. Atəşkəsə birtərəfli qaydada nail olmaq mümkün deyil. Əks halda, Ermənistan üstünlüyə malik olacaq və öz məqsədinə çatacaq. Əslində, onlar elə bunu etməyə çalışırlar. Onlar azad edilmiş əraziləri geri götürməyə cəhd edirlər. Xüsusilə onlar Hadrut şəhərini geri götürməyə cəhd ediblər. Lakin uğursuzluğa düçar oldular. Mənim onlara məsləhətim belədir və mən artıq Ermənistan hökumətinə və həmçinin Ermənistan xalqına açıq şəkildə mesajımı ünvanlamışam ki, onlar azad edilmiş əraziləri geri götürmək cəhdlərini dayandırmalıdırlar. Bu, yalnız yeni qurbanlara səbəb olacaq və qan tökülməsinə gətirib çıxaracaqdır”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 527 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed