Şrift:
İndoneziyanın nüfuzlu KİV-ləri Ermənistanın Gəncə şəhərini raket atəşinə tutması barədə xəbərlər yaymaqda davam edir
18.10.2020 [12:25] - Xəbərlər, Siyasət
Oktyabrın 18-də İndoneziyanın nüfuzlu kütləvi-informasiya vasitələri Ermənistan ordusunun Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərini raket atəşinə tutması barədə xəbərlər yaymaqda davam edir.

Nüfuzlu “telusur.co.id” saytında oktyabrın 17-də Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəyanatı əsasında xəbər yer alıb.

Xəbərdə oktyabrın 17-də gecə saat 1:00 radələrində Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutduğu qeyd olunub. Yeni bombardmandan sonra Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü hücum nəticəsində ikisi uşaq olmaqla 13 nəfərin həyatını itirdiyi, 40-dan çox insanın ciddi yaralandığı bildirilib.

Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüququn, eləcə də elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozaraq dinc insanların məqsədli şəkildə öldürülməsinin müharibə cinayəti və insanlıq əleyhinə cinayət olduğu, Ermənistan rəhbərliyinin bu cinayətə görə tam məsuliyyət daşıdığı vurğulanıb.

Qeyd edilib ki, Ermənistanın davam edən təcavüzü və mülki insanlara qarşı qəddar hücumları dayandırılmalı və beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan xalqına qarşı bu qeyri-insani aktlarına göz yummamalıdır.

Ermənistanın Azərbaycanın mülki əhalisini hədəf alan bu mənfur hücumlarını şiddətlə qınandığı və işğalçı ölkədən müharibə cinayətlərinə son verməyin tələb edildiyi vurğulanıb.

Terroru dövlət siyasətinə çevirən Ermənistanın siyasi-hərbi rəhbərliyinin dinc əhalini raket atəşinə tutmaq qərarına görə məsuliyyət daşıdığı qeyd olunub. Azərbaycan Respublikasının milli və beynəlxalq hüquq mexanizmlərindən istifadə etməklə cinayətkarların ədalət mühakiməsinə cəlb edilməsini təmin olunacağı bildirilib.

Məlumatda, o cümlədən Gəncənin raket atəşinə tutulması və dinc əhalinin hədəf alınmasına dair Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin öz “Twitter” hesabındakı paylaşmalara da yer verilib.

Bununla yanaşı, “m.cnnindonesia.com” və “kompas.com” saytlarında da “Azərbaycanın yaşayış məntəqələrinə raketlər atılıb”, “Sakinlər yatarkən şəhər erməni raketinə məruz qaldı” başlıqlı xəbərlər yer alıb. Raketin gecə saatlarında atıldığı, insan tələfatının və yaralananların olduğu bildirilib. Bundan əvvəl də ermənilər tərəfindən Gəncəyə raket hücumunun həyata keçirildiyi, mülkü şəxslərin öldürüldüyü vurğulanıb.

Xəbərlərdə, o cümlədən Azərbaycanın Mingəçevir şəhərinin də ermənilər tərəfindən raket atəşinə məruz qaldığı haqqında məlumatlar yer alıb.
Bu xəbər oxucular tərəfindən 321 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed