Şrift:
Qiymətləndirmə vasitələrinin hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarına qeydiyyat başlanıb
21.10.2020 [10:30] - Gündəm, Mədəniyyət
Dövlət İmtahan Mərkəzində (DİM) 2021-ci il yanvarın 18-dən Azərbaycan dili, rus dili, riyaziyyat, kimya, fizika, biologiya, coğrafiya, tarix və ingilis dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq.

DİM-dən bildirilib ki, hazırlıq kurslarında müəllimlər, metodistlər və pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər də iştirak edə bilərlər.

Qeydiyyat 21 oktyabr 2020-ci il tarixindən 14 yanvar 2021-ci il saat 23.59-dək aparılır.

Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet” yaratmalıdır. “Şəxsi kabinet” yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyat”dan keçmək lazımdır.

Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb olunaсaq.

Qeyd:

Pedaqojiyönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsilalan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsilalan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.

Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Ə.Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional bölmələrin ünvanları DİM-in saytında verilib.

Hazırlıq kurslarının keçiriləcəyi ünvan: Bakı şəhəri, Ə.Salamzadə küçəsi, 28, Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı.
Bu xəbər oxucular tərəfindən 153 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed