Şrift:
ABŞ İranın Neft naziri və nazirliyini sanksiya siyahısına salıb
27.10.2020 [11:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ İranın Neft Nazirliyi, İran Milli Neft Şirkəti (NIOC) və İran Milli Tanker Şirkətini (NITC), eləcə də İranın Neft naziri Bijən Namidar Zəncənəni sanksiya siyahısına əlavə edib.

ABŞ rəhbərliyi yuxarıda adları çəkilən qurumlar və şəxsə qarşı bu addımı İran İnqilab Keşikçiləri Ordusunun tabeliyindəki Qüds Gücü qruplaşmasına maddi dəstək verildiyi üçün atıb.

ABŞ-ın Maliyyə Nazirliyinin yazılı açıqlamasında, Xarici Aktivlərin Mühafizəsi Ofisi (OFAC) tərəfindən İranın Neft Nazirliyi, NIOC və NITC ilə əlaqəli birdən çox təşkilat və şəxsə qarşı sanksiya tətbiq ediləcəyi bildirilib. Bu çərçivədə İranın Neft naziri Bijən Namidar Zəncənə də daxil olmaqla bu təşkilatların yüksək vəzifəli şəxsləri sanksiya siyahısına daxil edilib.

Açıqlamada sözügedən sanksiyaların İran İnqilab Keşikçiləri Ordusunun tabeliyindəki Qüds Gücü üçün gəlir gətirən neftin tədarükünü hədəf aldığı vurğulanıb.

Bundan əlavə, ABŞ-ın Maliyyə Nazirliyi Venesuelaya İran neftinin satışı ilə məşğul olan 4 nəfərə də sanksiya tətbiq ediləcəyini bildirib.

ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin mövzu ilə əlaqədar açıqlamasında İran rejiminin İran İnqilab Keşikçiləri Ordusunun tabeliyindəki Qüds Gücünün sabitliyi pozan fəaliyyətlərini maliyyələşdirmək üçün neft sektorundan istifadə etdiyini deyib. S.Mnuçin bildirib: “İran rejimi İran xalqının ehtiyaclarına məhəl qoymadan terror təşkilatlarına və nüvə proqramına dəstəyi daha üstün tutur”.
Bu xəbər oxucular tərəfindən 233 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed