Şrift:
Paşinyanda baş-ayaq bəyanatlar çoxalır - “ağır güzəştlərə hazırıq” hara, “kapitulyasiya istəmirik” hara…
27.10.2020 [21:33] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Fərəc Quliyev: “Hətta məğlub olmanı belə normal şəkildə ifadə edə bilmir”

Bir neçə gün əvvəl Qarabağdakı münaqişənin diplomatik yolla həlli barədə danışmağın mənasız olduğunu deyən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə məğlub olduğunu boynuna alıb. O, bu dəfə xalqa müraciətində ölkəsinin Dağlıq Qarabağ məsələsində güzəştə getməyə hazır olduğunu deyib.

“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün güzəştə hazırdır” deyən Paşinyan biabırçı vəziyyətdə olduqlarını etiraf etməli olub: “Biz qarşılıqlı güzəştlərə, hətta bizim üçün ağrılı olan güzəştlərə getməyə hazırıq. Ancaq nəticəyə gəldik ki, Azərbaycan tərəfi bizim tam kaputulyasiya olmağımızı istəyir. Biz bu qırmızı cizgini keçə bilmərik”.

Qeyd edək ki, son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır. Videolardan da aydın görünür ki, qarşı cəbhədə həm intizam, həm də təminat baxımından çox ciddi problemlər var. Paşinyan məhz düşdüyü vəziyyətdən çıxış yolunu güzəştdə görür. Ancaq burda da çaş-baş danışır. Güzəşt və kapitulyasiya arasındakı fərqi Paşinyan necə görür ki, bunların birinin mümkünlüyünü, digərinin isə mümkünsülüyünü bəyan edir?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan məcburiyyətdən verdiyi açıqlamalarda daha çox daxili auditoriyanı nəzərə alır: “Paşinyan bundan artığını deyə də bilməz. Çünki məğlub olan tərəfdir. Buna görə də o, təklif etmək səlahiyyətini itirib. Paşınyan məğlub tərəf kimi əyləşib, qalibin təkliflərini dinləməlidir. Onun məğlubiyyəti etiraf etməkdən başqa yolu qalmayıb. Bu səbəbdən də, düşdüyü vəziyyətini müxtəlif formalarda çatdırmağa çalışır. Əslində, Azərbaycan ona çox güzəştli bir təklif irəli sürür ki, ordusunu xoşluqla işğal edilmiş ərazilərdən çıxarsın. Ona o güzəşti edə bilərik ki, hələlik təzminatla bağlı məsələni sonraya saxlaya bilərik. Çünki bu illər ərzində onlar Azərbaycana külli miqdarda ziyan vurublar. Əsir və meyitlərin dəyişdirilməsilə bağlı ona güzəşt edə bilərik. O mənada ki, sayla dəyişdirilmə paritet əsasda baş tuta bilməz. Onların əsir və meyiti daha çoxdur. Paşinyan artıq tam çöküb və o gücdə deyil ki, bizə təkif irəli sürsün. Paşinyanın belə qəliz danışmasını o mənada başa düşmək olar ki, onun məğlubiyyəti tam səmimi etirafı cəmiyyətdəki nüfuzunu tam məhv edəcək. Bu bataqlıq effektini onun özü-özünə yaradıb. Hətta məğlub olmanı belə normal şəkildə ifadə edə bilmir. O bizə hansı güzəşti edə bilər ki? Biz, demək olar ki, torpaqlarımızı yaxın günlərdə tamamilə azad edəcəyik. Paşinyan bunun adını istəsə, elə kapitulyasiya da qoyar. Ondan sonrasına baxarıq. Bu məslənin də davamının necə aparılacağı Paşinyanın fikrindən deyil, bizim Ali Baş Komandanın iradəsindən asılı olacaq”.

Doğrudan da, Paşinyan tam başını itirmiş tərzdə davranışlar ortaya qoyur. Gah, əlinə silah alıb müharibəyə gedəcəyini deyir, gah da həyat yoldaşının əlinə silah verib cəbhəyə göndərir. Bütün bunlar onun son nəfəsinin gedib-gəldiyindən xəbər verir. Paşinyan bunu niyə kapitulyasiya kimi qəbul etmək istəmir? Hər halda, düşdüyü vəziyyətə bundan başqa ad vermək olmaz.

Məhəmmədəli QƏRİBLİ

Bu xəbər oxucular tərəfindən 209 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed