Şrift:
Yadulla Əliyev: Ordumuz 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu
28.10.2020 [10:03] - Xəbərlər, Siyasət
Azərbaycanın işğal altında olan torpaqları azad etmək üçün apardığı əks-hücum əməliyyatları şərəfli tariximizdə özünəməxsus yerini tutacaqdır. Şanlı Azərbaycan Ordusu Vətən müharibəsində yüksək döyüş peşəkarlığı nümayiş etdirir, ən müasir və yüksək dəqiqliyə malik silahlardan istifadə edir. Vaxtilə bəzilərinin “neft pulları hara gedir?” kimi sərsəm suallarının cavabını bu döyüşlər açıq şəkildə verdi.

Bu sözləri deyən ehtiyyatda olan polis polkovniki Yadulla Əliyev bildirib ki, Azərbaycan Ordusu 30 ildir həlli mümkün hesab edilməyən bir problemin çox vacib bir hissəsini cəmi bir ayda yoluna qoydu. İşğal altında olan 4 şəhər - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, 4 qəsəbə - Hadrut, Suqovuşan, Mincivan, Ağbənd, 166 kənd və çox sayda əhəmiyyətli strateji yüksəklikləri işğaldan azad etdi. Ordumuz BMT-nin Təhlükəsiz Şurasının qəbul etdiyi qətnamələri uğurla yerinə yetirir. Biz öz torpağımızda vuruşaraq uzun illər bərpa edilməyən ədaləti bərpa etməyə çalışırıq və bizim işimiz haqq işidir.

Yadulla Əliyev qeyd edib ki, məğlubiyyətinin uzaq olmadığını görən düşmən özünü hiyləgərliyə qoyur. Döyüşlər gedən müddətdə 2 dəfə Moskvada, 1 dəfə Vaşinqtonda humanitar atəşkəs imzalansa da Ermənistan bu razılaşmaların heç birinə əməl etməyib. Həm də onlar elə bir çətin vəziyyətdədir ki, atəşkəs bizə deyil, daha çox ermənilərə lazımdır. Bu halda belə, atəşkəsə əməl etməyən bir dövlət itib-batan “gücünü” yenidən topladıqdan, yeni silahlarla silahlandırıldıqdan sonra rahat dayanacaqmı? Əlbəttə, yox! Erməni baş naziri, təlxək Paşinyanın yalvarışları da maskalanmaqdan başqa bir şey deyil. O, sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, fasilədən istifadə edərək yeni silah və texnika partiyalarının gətirilməsini gözləmək və bundan sonra yenidən hücuma keçmək arzusundadır. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan hər 3 atəşkəsi bir neçə dəqiqə sonra pozaraq Azərbaycan mülki əhalisinə artilleriya və raket zərbələri endirib. Buradan belə bir nəticəyə gəlmək olar ki, ermənilər məsələnin sülh yolu ilə həllini istəmirlər. Çünki bütün beynəlxalq qanunlar ölkəmizin lehinədir. Bu qanunlar tətbiq edilsə onlar bütün cəfəng iddialarından əl çəkməli olacaqlar. Bunlar isə əl çəkmək istəmirlər. Belə olan halda güc tətbiqi qaçılmazdır.

Vətən müharibəsinin getdiyi bu günlərdə üç tərəfdən düşmən əhatəsində olan Naxçıvan Muxtar Respublikasının təhlükəsiliyinin təmin olunması da aktualdır. Bu məsələyə ötən illərdə əldə edilən təcrübələri xatırlamaqla münasibətini bildirən ehtiyyatda olan polkovnik diqqətə çatdırıb ki, ermənilər cəmi 25-30 il bundan əvvəl Naxçıvanı işğal etmək üçün bütün imkanlarını səfərbər etmişdilər. O vaxtlar keçmiş sovet rejimi ov tüfənglərini də müxtəlif bəhanələrlə yığmış, əhalini düşmənin çoxsaylı hərbi texnikaları ilə qarşı-qarşıya qoymuşdu. Ermənilər o vaxtlar Sədərəyə hücum etsələr də yumruq kimi birləşən naxçıvanlılar təcavüzkarlara lazımi dərsi verdilər. Həmin illərdə yalnız Vətənə məhəbbətlə ulu öndər Heydər Əliyevin ətrafında birləşən naxçıvanlılar bu diyarı ağır bəlalardan xilas etdilər. Nəticədə, muxtar respublikanın ərazi bütövlüyü qorunub saxlanıldı. Bu gün isə Naxçıvanda qüdrəti ilə fəxr etdiyimiz Əlahiddə Ümumqoşun Ordu var. Bu ordu ən müasir silahlara, hərbi texnikalara, yüksəkixtisaslı, peşəkar zabit heyətinə sahibdir. Vaxtilə naxçıvanlılar ov tüfəngi ilə tankın-topun qarşısına çıxmışdılar. Bu gün isə düşmənin qarşısına döyüş qabiliyyəti müasir dünya orduları ilə müqayisə edilən, çox yüksək dəqiqliyə malik silah arsenalına malik olan Əlahiddə Ümumqoşun Ordu çıxacaq. Bu ordu ilə qarşılaşmaq isə ermənilər üçün heç də arzuolunan hal deyil. Qaldı ki, Ermənistanın paytaxtı İrəvan şəhəri Naxçıvandan o qədər də uzaqda deyil.

Yadulla Əliyev deyib: “2018-ci ildə Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə Günnüt kəndinin işğaldan azad edilməsi və bu istiqamətdə daha əlverişli mövqelərə sahib olması onun gücünü göstərir. Bu zaman “Qızılqaya” dağı və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilib. Dərələyəz mahalının Arpa kəndində və Mehridərə vadisində düşmən fəaliyyəti nəzarət altına götürülüb. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Bununla həm də strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulmuş oldu ki, bu da çox önəmlidir”.

Ehtiyyatda olan polis polkovniki şeirlər yazdığını, onlar arasında vətənpərvərliyə həsr olunan şeirlərin xüsusi yer tutduğunu da qeyd edib. Yadulla Zaman imzası ilə yazılan həmin şeirlər arasında o, “Döyüşə hazır ol!” şeiri ilə fikrini tamamladı:

Qəlbimdə kinim var, açıq yazıram,

Bir haqlı savaşa hər an hazıram!

Yuxumda düşmənə qəbir qazıram,

Torpağım düşməndə qalandan bəri.

Nə vaxtsa bu işğal çatacaq sona,

İstəyir erməni girsin min dona.

Hər səhər lənətlər deyirəm ona,

Torpağım düşməndə qalandan bəri.

Döyüşə hazır ol, igidlər-mərdlər!

Xilaskar gözləyir şəhərlər, kəndlər.

Günbəgün çoxalır yığılan dərdlər,

Torpağım düşməndə qalandan bəri.
Bu xəbər oxucular tərəfindən 32 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed