Şrift:
Səudiyyə Ərəbistanının büdcəsində 49,2 milyard dollar kəsir yaranıb
29.10.2020 [11:13] - Gündəm, İqtisadiyyat
COVID-19 epidemiyası səbəbindən neft qiymətlərinin ucuzlaşması səbəbindən cari ilin 9 ayında Səudiyyə Ərəbistanının büdcə gəlirləri 24 faiz azalaraq 144,4 milyard dollara düşüb.

Bu barədə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, 9 ayda ölkə büdcəsində 49,2 milyard dollar (184,1 milyard rial) kəsir yaranıb. Digər tərəfdən, dövlət xərcləri də 3 faiz azalaraq 193,6 milyard dollar olub.

Ötən ilin eyni dövründə Səudiyyə Ərəbistanının büdcəsi 190,3 milyard dollar idi.

Büdcədəki daralmaya “qara qızıl”ın qiymətlərinin enməsi nəticəsində ölkənin neft gəlirlərinin illik 33 faiz azalmasının səbəb olduğu qeyd edilir.

COVID-19 səbəbindən Səudiyyə Ərəbistanında görülən tədbirlər nəticəsində qeyri-neft gəlirlərinin 5 faiz azaldığı bildirilir.

2019-cu ilin sonunda 180,8 milyard dollar olan dövlət borcu bu ilin üçüncü rübündə 25 faiz artaraq 226,14 milyard dollara çatıb.

Maliyyə Nazirliyinə görə, 2021-ci ildə Səudiyyə Ərəbistanı büdcə kəsirinin 145 milyard riala və ya ÜDM-in 5,1 faizinə çatacağı gözlənilir.

Əvvəllər 2020-ci il üzrə büdcə kəsirinin təxminən 300 milyard rial və ya ÜDM-in 12 faizinə bərarbər olacağı nəzərdə tutulurdu.
Bu xəbər oxucular tərəfindən 398 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed