Şrift:
Deputat: Gəncəyə və Bərdəyə raket hücumları müharibə cinayəti olmaqla bərabər, həm də Ermənistanın dövlət səviyyəsində törətdiyi terror aktlarıdır
30.10.2020 [11:11] - Xəbərlər, Siyasət
İşğalçı Ermənistan ordusunun Bərdədə dinc sakinləri qadağan olunmuş silahlarla raket atəşinə tutması müharibə cinayətidir. Bu, eyni zamanda, hər nə qədər ermənilər tərəfindən törədilən müharibə cinayətidirsə, bir o qədər də bu cinayətlərə susanların, Ermənistanı qınamayan beynəlxalq təşkilatların ortaq olduğu cinayətdir.

Bu fikri açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, beynəlxalq təşkilatların, insan hüquqlarının müdafiəsi təşkilatlarının Gəncədə, Naftalanda, Tərtərdə törədilən müharibə cinayətlərinə göz yummaları, susqunluq nümayiş etdirmələri erməni terrorçularını belə cinayətləri təkrar etməyə həvəsləndirir. Düşünürlər ki, bu cinayət qınanılmayacaq və cəzasız qalacaq. Ona görə də insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar ermənilərin dinc əhalini hədəfə almasına səssiz qalmamalıdır. Gəncəyə və Bərdəyə bu cür hücumlar müharibə cinayəti olmaqla bərabər, həm də dövlət səviyyəsində törədilən terror aktlarıdır. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan ayrı-ayrı təşkilatlar çox təəssüf ki, ermənilərin törətdiyi bu cinayətlərə susqunluq nümayiş etdirirlər. Bu susqunluq, əslində, Ermənistanı dəstəkləmək anlamına gəlir. Düşünürəm ki, heç olmasa, bundan sonra müvafiq insan hüquqları institutları, beynəlxalq və humanitar təşkilatlar, ayrı-ayrı dövlətlər bu məsələyə ciddi qınaq nümayiş etdirməklə işğalçı ölkəni bu cür addımlardan çəkindirməlidirlər.

“Cəzaya gəldikdə, Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meydanında layiqincə cəzalandırır. Bərdə şəhərində törədilən cinayətin də qisası artıqlaması ilə alındı və bundan sonra da alınacaq. Lakin bu hadisələr bir həqiqəti yenidən ortaya çıxardı ki, özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatlar kimi göstərənlər, əslində, insan hüquqlarının müdafiəçisi deyil, sadəcə, bu mövzunu əllərində siyasi alətə çevirərək ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edən qurumlardır. Buna görə də Azərbaycan öz Ordusuna güvənir. Azərbaycan vətəndaşlarına qarşı hər hansı bir cinayət törədənlərə Ordumuz tərəfindən mütləq layiqli cavab veriləcək”, - deyə H.Babaoğlu qeyd edib.
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed