Şrift:
Qədim tarixə və zəngin mədəniyyətə malik Füzuli abidələri - Qarğabazar məscidi
02.11.2020 [12:09] - Gündəm, İslam dini
Azərbaycanın qədim tarixə və zəngin mədəniyyətə malik bölgələrindən biri də Füzulidir. Bölgənin tarixinin qədimliyini qalalar, qədim insan məskənləri, arxeoloji qazıntılar zamanı aşkar edilmiş maddi mədəniyyət abidələri və nümunələri, qədim sikkələr, məişət əşyaları, həmçinin orta əsrlərə aid memarlıq və heykəltəraşlıq tikililəri və s. sübut edir. Rayonun ərazisi Antik və inkişafın sonrakı dövrlərinə aid çoxlu sayda maddi mədəniyyət qalıqları, tarixi abidələri ilə zəngindir. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş və işğaldan azad edilmiş bölgələrində yüzlərlə tarixi əhəmiyyətli memarlıq abidələri var. Onlardan biri də Füzuli rayonunun Qarğabazar kəndidir. 2020-ci il oktyabrın 20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmiş Qarğabazar Füzuli rayonunun inzibati ərazi vahidinə daxil olan kənddir. Orta əsrlərlə bağlı qaynaqlarda kəndin adı Qarğabazarı yazılıb. Bu kəndin adına Osmanlı qaynaqlarında da rast gəlinir. Qarğabazar kəndi İbrahimxəlil xanın böyük oğlu Məmmədhəsən ağa Cavanşirin idarəçiliyində olub, sonra isə onun oğlu Cəfərqulu xan idarə edib. Kəndin adının mənşəyi ilə bağlı bir çox rəvayətlər və fikirlər söylənilir. Deyilənə görə, burada böyük bir bazar olub və həddən artıq səs-küylü olub. Elə bu səbəbdən də həmin yerə gəlmiş tacirlər kəndin adını “Qarğalıbazar” adlandırıblar. Əlbəttə, bu, rəvayətdir. Əslində isə kəndin adının Qarqar tayfaları ilə əlaqələndirilməsi daha düzgün variantdır.

Bu fikirləri açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi alim İbrahim Zeynalov söyləyib. O bildirib ki, Qarabağ bölgəsində, o cümlədən Füzuli rayonunun ərazisində çoxlu sayda məscidlər var. Qarğabazar kəndində yerləşən eyniadlı məscidin tarixi qədimdir. El arasında bu, Şah Abbas məscidi kimi tanınıb, elmi ədəbiyyatlarda isə Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib. Hicri 1095”. Bu da miladi tarixi ilə 1683-1684-cü ilə uyğundur. Tikilinin quruluşuna və xarici görünüşünə gəldikdə onu deyə bilərik ki, Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materialları ilə bir zaldan ibarət tikilib. Dam örtüyü tağ-tavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa, burada ağac materialdan istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə (XVII əsrdə) tikilmiş karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. Füzuli şəhərində, eləcə də bu rayonun digər kəndlərində qədim məscidlər çoxdur.

“Füzuli rayonunun ərazisi məscidlərlə yanaşı, qədim yaşayış məskənləri, tikililər və türbələr və s. tarixi mədəniyyət qalıqları ilə zəngindir. Ümumiyyətlə, Füzuli bölgəsi Qarabağın ən qədim tarixi abidələrinin qeydə alındığı məkandır. Dünyanın ən unikal tapıntılarından biri olan Azıx mağarası da bu bölgədə yerləşir. Mağara Quruçay çayının sol sahilində yerləşir. Azıx mağarası Qədim Daş dövrü, insanlarının yaşadığı məskən kimi bütün dünyada məşhurdur. Mağara 1960-cı ildə professor Məmmədəli Hüseynovun rəhbərliyi ilə AMEA-nın Paleolit arxeoloji ekspedisiyası tərəfindən aşkar olunub. Vaxtilə dünyanın ən qədim insanının yaşadığı bu mağaranın yerləşdiyi Azərbaycan torpağı, Qarabağımızın bir hissəsi, təəssüf ki, 1993-cü ildən etibarən erməni faşistlərinin işğalı altındadır. 2020-ci il sentyabrın 27-də erməni təxribatlarının qarşısını almaq, xalqımızın təhlükəsizliyini və Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə əks-hücuma keçən şanlı ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu qədim yaşayış məskəni də işğaldan azad edəcək”,- deyə tarixçi alim əminliyini bildirib.
Bu xəbər oxucular tərəfindən 350 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed